ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə İran ərazisində bir neçə hərbi obyektə yeni zərbələr endirildiyini açıqlayıb.

Heftelik.az-ın xəbərinə görə, CENTCOM zərbələrin İranın kommersiya gəmisinə növbəti hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Qeyd edilib ki, iyunun 27-si səhər saatlarında İranın kamikadze pilotsuz uçuş aparatı Hörmüz boğazı yaxınlığında Panama bayrağı altında üzən və 2 milyondan çox barel neft daşıyan “Kiku” tankerini vurub.

Bundan sonra ABŞ hərbi aviasiyası İranın hərbi kəşfiyyat obyektlərinə, rabitə sistemlərinə, hava hücumundan müdafiə mövqelərinə, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara və dəniz minalarının yerləşdirilməsi vasitələrinə zərbələr endirib.

CENTCOM əlavə edib ki, Hörmüz boğazından kommersiya gəmilərinin hərəkəti davam edir və ABŞ qüvvələri zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşımında bildirib ki, İran atəşkəs razılaşmasını pozub: ‘ABŞ hərbi aviasiyası İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də sahil radar sistemlərinə zərbələr endirib. Onlar heç vaxt nəticə çıxarmaya da bilərlər. Elə bir məqam gələ bilər ki, artıq səbirli davranmaq mümkün olmayacaq və başladığımız işi hərbi yolla tamamlamağa məcbur olacağıq. ABŞ yenidən genişmiqyaslı hərbi əməliyyata başlasa, “İran artıq mövcud olmayacaq”.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın son zərbələrinə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib. Qeyd olunub ki, bazar günü gecə saatlarında korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbi infrastrukturunun səkkiz obyektinə – Küveytdəki “Əli əs-Salim” bazasındakı və Bəhreynin Salman limanındakı 5-ci Donanmasının bazasına hücum edib.

Bəyanatda həmçinin qısa müddət əvvəl ABŞ-ın İslam Respublikasının beş sahil postuna zərbələr endirdiyi xatırladılıb.

“İslamabad memorandumuna əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İslam Respublikasına məxsusdur və bundan sonra qayda pozan gəmilərə qarşı əvvəlkindən daha sərt tədbirlər görüləcək”,- bəyanatda qeyd olunub.

SEPAH az əhəmiyyətli hədəflərə qarşı belə ehtimal olunan təcavüzə sarsıdıcı cavab veriləcəyi barədə xəbərdarlıq edib. Atəşkəsin pozulmasının İslamabad memorandumunun birinci bəndinə zidd olduğu vurğulanan bəyanatda bu halların danışıqlar prosesinin dayandırılmasına səbəb olacağı bildirilib.