Bu gün tanınmış jurnalist Aslan Aslanovun müəllifi olduğu “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. 1-ci kitab” adlı kitabın təqdimat mərasimi olub.
Prezident Kitabxanasında keçirilən tədbirdə Milli Məclis üzvləri, alimlər, ictimai-siyası xadimlər iştirak edib.
Tədbiri Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açaraq kitab haqqında məlumat verib.
Milli Məclis sədrinin müavini, deputat Rafael Hüseynov təqdimat mərasimində çıxışında deyib ki, Heydər Əliyev haqqında yazmaq xüsusi səlahiyyət tələb edir, böyük şəxsiyyət haqqında yazmaq üçün özün də böyük olmalısan: “Aslan Aslanovun kitabındakı “dərslər” sözü böyük anlam daşıyır. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, ondan dərs almaq lazım idi. Kim onu yaxından izləyib, dərs götürübsə, qazanıb”.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə təqdim olunan kitabın mühüm əhəmiyyətinin olduğunu vurğulayıb. O, həmçinin Heydər Əliyevlə birgə çalışdığı dövrdən danışıb, xatirlərini bölüşüb.
Rusiyalı jurnalist Mixail Qusman çıxışında bildirib ki, dünya tarixində Heydər Əliyevi kimi şəxsiyyətlər çox deyil:
“Mənə elə gəlirdi ki, onun haqqında çox şey bilirəm. Amma onun irsini dərindən öyrəndikcə anladım ki, bu insanın cəsarəti və mətanəti haqqında faktiki olaraq heç nə bilməmişəm. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev dünya miqyasında tanınan siyasi xadim idi və onun irsi gələcək nəsillər tərəfindən də öyrəniləcək”.
Kitabın müəllifi Aslan Aslanov vurğulayıb ki, Azərbaycanda rəsmi dövlət xəbərlərinin əsasını qoyan da Heydər Əliyev olub: “Dövlət başçısının fəaliyyətinin işıqlandırılması prinsiplərini formalaşdıran da o idi”.
Qeyd edilib ki, Aslan Aslanov Ulu Öndər Heydar Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. Nəşrə Aslan Aslanovun həmin tədbirlərdən hazırladığı informasiyalar daxil edilib, həmçinin müəllifin həmin görüşlərə dair xatirələri yer alıb, Heydər Əliyevin siyasi fəaliyyəti, 1993-1995-ci illərdə ölkədə baş verən hadisələr işıqlandırılıb.