“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsinin üçüncü və son mərhələsinə start verilib.
Bu barədə Heftelik.az-a “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, layihənin icrasına 1 may 2026-cı il tarixində başlanılıb və layihə 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Layihənin əsas məqsədi kənd təsərrüfatı ilə məşğul olan fermerlər arasında aqrar sığorta barədə maarifləndirməni artırmaq, onları əmlak və kənd təsərrüfatı məhsullarını sığortalamağa həvəsləndirmək, aqrar sığortanın üstünlükləri barədə məlumatlandırmaqdır.
Layihənin birinci mərhələsində təşkilati və hazırlıq işləri həyata keçirilib, ikinci mərhələdə isə aqrar sığortanın əhəmiyyətini əks etdirən maarifləndirici məqalələr hazırlanaraq müxtəlif xəbər portallarında dərc olunub.
Bu gündən etibarən – 1–30 iyul 2026-cı il tarixlərini əhatə edən üçüncü mərhələyə başlanılır. Bu mərhələ çərçivəsində Beyləqan rayonunun müxtəlif yaşayış məntəqələrində fermerlər üçün maarifləndirici təlimlər keçiriləcək, aqrar sığorta sisteminin üstünlükləri, sığorta mexanizmləri və fermerlərin bu sahədə hüquq və imkanları barədə ətraflı məlumat veriləcək.
Təlimlər aşağıdakı qrafik üzrə təşkil olunacaq:
– 02 iyul 2026-cı il – Beyləqan rayonunun Orta Əlinəzərli kəndi;
– 06 iyul 2026-cı il – Beyləqan rayonunun Əlinəzərli kəndi;
– 08 iyul 2026-cı il – Beyləqan şəhəri;
– 10 iyul 2026-cı il – Beyləqan rayonunun Birinci Aşıqlı kəndi;
– 15 iyul 2026-cı il – Beyləqan rayonunun Şahsevən kəndi.
Eyni zamanda layihə çərçivəsində Beyləqan rayonunun sakinləri və fermerləri üçün 099 470 43 01 nömrəsi vasitəsilə mobil məsləhət xidməti fəaliyyətə başlayacaq. Bu xidmət vasitəsilə vətəndaşlar aqrar sığorta ilə bağlı suallarını ünvanlaya, mütəxəssislərdən operativ məsləhət ala biləcəklər. Mobil məsləhət xidməti layihə başa çatdıqdan sonra da fəaliyyətini davam etdirəcək.
“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi hesab edir ki, həyata keçirilən bu tədbirlər fermerlərin aqrar sığorta sahəsində biliklərinin artırılmasına, risklərin düzgün qiymətləndirilməsinə və kənd təsərrüfatında dayanıqlı fəaliyyətin təmin olunmasına mühüm töhfə verəcək.
