Futbol üzrə dünya çempionatında Norveç, Fransa və Meksika rəqiblərini məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Norveç Fildişi Sahili millisini məğlub edib.
Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər .
Norveç komandasında Antonio Nusa (39) və Erlinq Holann (86) fərqləniblər. Afrikalıların hyeətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.
1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.
Fransa İsveçi məğlub edib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.
Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.
Bu qələbədən sonra 1/8 finala yüksələn Fransa seçməsinin rəqibi Paraqvay komandası olacaq.
Meksika Ekvadora qalib gəlib. Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Xulian Kinones (22) və Raul Ximenez (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.
Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.
