Banklarda aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydaları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Qayda “Banklar haqqında” Qanunun tələblərinə və Bank nəzarəti üzrə Bazel Komitəsinin standartlarına uyğun hazırlanıb.
Sənəd Azərbaycan ərazisində fəaliyyət göstərən banklara və xarici bankların yerli filiallarına şamil edilir.
Qaydada aktivlərin təsnifləşdirilməsi, risklərin qiymətləndirilməsi və ehtiyatların yaradılması mexanizmləri müəyyən olunub.
Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilmiş təhsil tələbə kreditləri isə ümumi qaydada sənədin əhatə dairəsinə daxil edilmir.
Yalnız bankın maliyyə öhdəliyi daşıdığı hallar istisna təşkil edir.
Sənəddə aktiv anlayışına kreditlər, balansdankənar öhdəliklər və digər maliyyə alətləri daxil edilib.
Həmçinin qalıq məbləğ, ümumi məbləğ və bazar qiyməti kimi əsas anlayışlar izah olunub.
Bu qaydalar bank sektorunda risklərin daha səmərəli idarə edilməsinə xidmət edir.
