Azərbaycanda rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən ardıcıl islahatlar ölkənin yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən birini təşkil edir.

Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

Deputat deyib ki, iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu sahədə görüləcək işlərin vahid koordinasiya altında həyata keçiriləcəyini bir daha nümayiş etdirdi. Şuranın ilk iclasında səsləndirilən fikirlər göstərdi ki, ‘Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı’ qarşıdakı illərdə dövlət idarəçiliyinin müasirləşdirilməsi üçün əsas yol xəritəsidir. Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin genişləndirilməsi, investisiyaların və startapların dəstəklənməsi bu sənədin prioritet istiqamətləridir. Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın süni intellekt sahəsində qəbul ediləcək bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun olmasının vacibliyini vurğulaması dövlətimizin bu məsələyə nə qədər məsuliyyətlə yanaşdığını göstərir”.

Sabir Hacıyev nəzərə çatdırıb ki, dünyanın aparıcı dövlətləri artıq süni intellekti iqtisadi inkişafın və dövlət idarəçiliyinin əsas alətlərindən biri kimi tətbiq edirlər və Azərbaycan da bu prosesə vaxtında qoşulub: “Fəaliyyət Planında süni intellektin milli strateji prioritet kimi müəyyən edilməsi təsadüfi deyil. Bu gün süni intellekt yalnız texnoloji yenilik deyil, qərarların daha operativ qəbul edilməsinə, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, resurslardan səmərəli istifadəyə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edən mühüm vasitədir. Artıq “mygov” platformasında vətəndaşlara sutkanın 24 saatı xidmət göstərə bilən virtual vətəndaş köməkçisinin ilkin versiyasının istifadəyə verilməsi bu istiqamətdə atılan ilk mühüm addımlardan biridir. 2026-cı il ərzində ‘mygov’ platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqinin planlaşdırılması göstərir ki, bu proses mərhələli və sistemli şəkildə həyata keçiriləcək. Səhiyyə, təhsil, gömrük və digər sahələrdə hazırlanacaq yeni həllər həm xidmət keyfiyyətini artıracaq, həm də dövlət idarəçiliyində çevikliyi təmin edəcək”.

Deputat qeyd edib ki, həyata keçirilən islahatların mühüm cəhətlərindən biri müxtəlif dövlət qurumlarında yaradılan uğurlu texnoloji həllərin vahid yanaşma əsasında paylaşılmasıdır:

“Bir dövlət qurumunda sınaqdan uğurla çıxmış süni intellekt həllərinin digər qurumlarda da tətbiq edilməsi həm dövlət vəsaitinə qənaət etməyə, həm də eyni texnologiyanın təkrar hazırlanmasına ehtiyacın aradan qalxmasına imkan verəcək. Bu, idarəetmədə səmərəliliyin yüksəldilməsi baxımından müasir yanaşmadır. Rəqəmsallaşma yalnız proqram təminatı ilə məhdudlaşmır, bunun üçün güclü texnoloji baza da yaradılır. Milli hesablama gücünün formalaşdırılması məqsədilə 64 qrafik prosessorun alınması və ilin sonunadək istifadəyə verilməsi Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı üçün vacib infrastruktur yaradacaq. Bu imkanlar həm dövlət qurumlarının, həm də elmi müəssisələrin və innovasiya sektorunun inkişafına əlavə təkan verəcək”.

Sabir Hacıyevin sözlərinə görə, texnologiyalar çox sürətlə inkişaf etdiyindən qanunvericiliyin də bu prosesə uyğun yenilənməsi böyük əhəmiyyət daşıyır: “Bu baxımdan süni intellekt üzrə ‘Tənzimləyici test mühiti’nin – Regulatory Sandbox mexanizminin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu sistem innovativ məhsulların təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə, onların hüquqi baxımdan qiymətləndirilməsinə və uğurlu layihələrin daha qısa müddətdə ölkə üzrə tətbiqinə imkan yaradacaq. Bu mexanizm həm yerli innovasiya şirkətləri, həm də xarici investorlar üçün daha əlverişli hüquqi mühit formalaşdıracaq. Qanunvericilik bazasının müasirləşdirilməsi nəticəsində yeni texnologiyaların tətbiqi sürətlənəcək, innovativ biznes modellərinin inkişafı üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda avtonom nəqliyyat sistemləri kimi gələcəyin texnologiyalarının tətbiqi istiqamətində araşdırmaların başlanması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasından xəbər verir”.