Qaydanın qüvvəyə minməsindən əvvəl restrukturizasiya olunmuş aktivlər üçün xüsusi keçid mexanizmi tətbiq ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Nəzarət altında olan kateqoriyaya qədər yaxşılaşdırılmış bəzi aktivlər restrukturizasiya olunmamış aktiv kimi qəbul ediləcək. Bunun üçün həmin aktivlərin son 12 ay ərzində bu kateqoriyada qalması tələb olunur. Eyni zamanda ödənişlər annuitet qaydada həyata keçirilməlidir. Bu şərtlərə cavab verməyən aktivlər üçün fərqli yanaşma tətbiq olunacaq. Qayda qüvvəyə minənədək bir və ya bir neçə dəfə restrukturizasiya olunmuş aktivlər birinci dəfə restrukturizasiya edilmiş aktiv hesab ediləcək. Bu yanaşma bütün banklar üçün vahid qiymətləndirmə sisteminin formalaşdırılmasına xidmət edir. Yeni mexanizm aktivlərin sonrakı təsnifatına birbaşa təsir göstərəcək. Məqsəd keçid dövründə hüquqi qeyri-müəyyənliyi aradan qaldırmaqdır.
