Bakının Nərimanov rayonu, Təbriz küçəsi, ev 47A ünvanında yaşayan Sevda Sadıxzadə ərazidə çoxmərtəbəli yaşayış binası tikməyi planlaşdıran “Montin City” tikinti şirkətindən şikayətcidir. O, 525”ə bildirib ki, “Orbita” MTK-nın törəməsi olan “Montin City” Mənzil-Tikinti Kooperativi 8 qonşunun yaşadığı ikimərtəbəli binanı sökərək yerində yeni hündürmərtəbəli yaşayış binasının inşa edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edib. Qarşı tərəf də öz növbəsində məhkəməyə kifayət qədər sübutlar təqdim edib.

Sevda Sadıqzadə deyir ki, çox rahat, gözəl təmrli, bütün şəraiti olan 4 otaqlı mənzili var və 40 ildən artıqdır yaşadığı mənzilini ümumiyyətlə satmaq fikrində deyil. Lakin “Montin” MTK həmin ərazidə hündürmərtəbəli bina tikmək məqsədilə sakinləri evlərindən çıxarmağa çalışır.

“2020-ci ildə kompleksin tikintisi üçün hazırlıqlar aparılarkən, şirkət işçiləri binalarındakı mənzil sahələrini ölçdülər və bildirdilər ki, hər şey istədiyimizdən də yaxşı olacaq. Bakı şəhər İcra Hakimiyyəti başçısının 17 oktyabr 2022-ci il tarixli sərəncamında göstərilib ki, ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında olmalıdır. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamında da bina sakinləri ilə razılaşma nəzərdə tutulub. Amma bizim razılığımızı heç kim almayıb. 2023-cü ildə bizimlə heç kim danışmadan, heç nə təklif etmədən, üzümüzü görmədən işimizi məhkəməyə göndəriblər. Səbəb də göstəriblər ki, guya biz fürsərdən istifadə edərək varlanmaq istəyirik. Məhkəmə yolu ilə bizi evlərimizdən çıxarmağa çalışırlar. Biz evimizi satmaq istəmirik, amma heç olmasa yaşımızı nəzərə alıb, ədalətli kompensasiya təklif etsələr, yəni bazar qiymətindən bir qədər də az, razılaşa bilərik”, – şikayətçi deyib.

Sevda Sadıqzadənin sözlərinə görə, mənzilinin ölçüləri tamamilə yanlış götürülüb: “İlkin hesablamada 230 kvadratmetr sahə göstərilib və bu, hətta yazılı şəkildə təsdiqlənib. Daha sonra sahə dəfələrlə ölçülüb və hər dəfə mənzilin sahəsi əvvəlkindən daha kiçik olduğu bildirilib. Onlar mənzilin sahəsini divardan divara qədər ölçmürlər. Üstəgəl, 40 kvadratmetrlik qarajı, vanna otaqlarından birini, anbarı, eyvanı, qapalı həyəti nəzərə almırlar. Lakin şirkətin təklif etdiyi mənzil divardan divara qədər ölçülür. Mənim ömrüm boyu qurduğum evimi dağıdırlar. Dövlət mənim şəxsi mülkümün qarantıdır, belə olan halda, bir şirkətin buna nə ixtiyarı var?! Mənzilimin dəyəri 700.000 manatdan çox olub. Sənəd məhkəməyə təqdim edilib və daha sonra şirkətin tələbi ilə yenidən qiymətləndirmə aparılıb. Bizim qiymətləndirməmizə güldülər. Bizə məhkəmə ilə hədə qorxu gəlirlər”, – o söyləyib.

Həmsöhbətim əlavə edib ki, özünün və həyat yoldaşının ciddi səhhət problemləri var. Daimi stress də onların sağlamlığına çox pis təsir göstərir: “Biz yaşlı, xəstə insanlarıq. Bütün ömrümüzü bu ərazidə yaşamışıq. Bir oğlum var, o da Almaniyada yaşayır, Azərbaycan diasporunun çox fəal üzvüdür, tələbəlik illərindən ömrünü bu fəaliyyətə həsr edib. Prezident tərəfindən diaspora işində xidmətlərinə görə bu günlərdə təltif olundu. Əgər bu, dövlərin ehtiyacı üçün lazımdırsa, başqa məsələ, amma bir MTK pul qazanmaq istəyirsə, hər santimetrində alnımızin təri olan evimi mənim əlimdən niyə almalıdırlar?! Bizi sanki öldürmək istəyirlər. Heç kim evin nə vaxt hazır olacağını demir, bizim gözləmək imkanımız yoxdur. Onu təmir etməyə maddi, fiziki imkanımız da  olmayacaq. Bizim yaşımızı, səhhətimizi, övladımızın burda olmadığını və digər məqamları nəzərə alıb, kompensasiya təklif edə bilərlər”.

S.Sadıqzadə bildirib ki, aidyyatlı qurumlarda qəbulda olublar: “Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayevlə görüşdə olduq, tikinti şirkəti ədalətli qərar vədi verdi. MTK-nın və icranın nümayəndələri gəlib yenə də ölçdülər. Amma heç nə dəyişmədi, bizi məhkəməyə verdilər”.

S.Sadıqzadə deyib ki, mənzilinin ölçüsü kiçik olan 4 qonşu ilə MTK böyük kv. metr sahə vəd etməklə razılığa gəlib. Qalan qonşuların mənzil sahəsi onlardan 3 dəfə böyükdür. Bununla MTK həm də qonşuları üz-üzə qoyur, onlara verdikləri artıq mənzil sahəsini bizim hesabımıza kompensasiya etmək istəyirlər. Həmçinin binanın ətrafını xarabazara çeviriblər, hasarlayıblar, yolunu kəsiblər. S.Sadıqzadə aidyyatlı qurumlardan məsələnin tezliklə ədalətli həllinə kömək göstərmələrini istəyir.

Vəkil Əli Zamanov isə ”525”ə bildirib ki, bu iş üzrə iki ildir ki, məhkəmə icraatında iş aparılır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47A ünvanında yerləşən yaşayış bunasının ərazisini sökərək orda hündürmərtıbəli yaşayış binası tikmək istəyirlər. Sakinlərə kompensasiya vermirlər, sadəcə olaraq onların yaşadığı bina sökülüb yenisi tikildikdən sonra yaşayış sahəsi veriləcək. Yaşayış sahəsinin də kvadratı həmin sahədən çox kiçikdir. Ona görə sakinlər həmin binada ev istəmirlər. Çünki həm keyfiyyətsiz tiklir, həm də təmir vəziyyəti yaxşı olmur. Təbii ki, MTK-lar mənzilləri standart təmirlə verirlər.

Vəkil deyib ki, MTK kompensasiya vermək istəmir və qərəzli olaraq məhkəməyə müraciət edib və sökülmə tələbəni irəli sürüb: “Artıq bu iş üzrə bir qonşu ilə bağlı məhkəmə qərarı var. Ona mənzil sahəsindən də kiçik mənzil təklif edirlər. Məhkəmə qətnamə çıxarıb. Həmən qonşunun qaraj sahəsi, anbarı olub. Qaraj sahəsini nəzərə alsaalr da, anbar alınmayıb. O binada bəzi qonşuların mənzil sahəsi böyükdür. Bir neçə sakini əlavə kvadrat verməklə, razı salıblar. Məqsəd də budur ki, həmin şəxslər artıq razlaşdıqdan sonra digər sakinlərə də təzyiq vasitəsilə razı salmağa çalışırlar. Bu iş üzrə tərəfinizdən müstıqil mütəxəssis rəyi alınıb, real bazar qiyməti, həm ərazidə yerləşən yaşayış sahələrinin, yeni tikililərin və köhnə tikililərin bazar qiymətləri müəyyən olunub. Eyni zamanda həmin sahədə anbar və qaraj sahələrinin real bazar qiyməti ilə bağlı da mütəxəssis rəyi verilib. Məhkəmə hələ ki, birinci iş üzrə onları nəzərə almayıb. Halbuki, MTK tərəfindən həmin yeni tikilidə satılan binanın bir kvadrat metri 3500-4000 min manat təmirsiz təklif olunub. Ölçülər məlum məsələdir ki, çöldən çölə götürülür, amma sakinlərdən həmən tikiləcək binanın yerində mənzili təhvil alan zaman ölçülər içdən içə götürülür. Bununla bağlı məhkəmə tərəfindən də ekspertiza keçirilib. Ekspertizada qiymətlər təhrif olunub, çox aşağı qiymətləndirilib, MTK özünün təklif etdiyi qiymətdən aşağı qiymətləndirici qiymət çıxarıb. Bu ona dəlalət edir ki, həqiqətən də burada MTK tərəfindən ekspert rəyinə müdaxilə var. Hazırda iş üzrə yekun qiymətləndirmə keçirilib. Onun rəyini gözləyirik. Məhkəmə bu ay yekunlaşmaq üzrədir. Bizdə olan məlumatlara görə məhkəmyə MTK tərəfindən böyük təzyiq və təsir vasitələri var. Aidiyyəti orqanlara da şikayətlərimizə baxmayaraq hələ ki, heç bir nəticə yoxdur. Yəni biz məhkəmədən birinci iş üzrə ədalətli qərar görmədik, bu iş üzrə də gözləmirik”.