Şərur rayonu ərazisində ağır yol-nəqliyyat hadisə olub.

Baş Dövlət Yol Polisi İdarəsidən Heftelik.az-a verilən xəbərə görə, iyulun 5-də Şərur rayonu, Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Şərur rayon sakini Rəşad Məmmədov idarə etdiyi “Lifan” markalı avtomobillə hərəkətdə olarkən, hazırda istintaqa məlum olmayan səbəbdən idarəetməni itirərək qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və həmyerlisi Nəvai Həsənovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub.

Nəticədə Nəvai Həsənov və sərnişinləri – həyat yoldaşı və azyaşlı övladı hadisə yerində həlak olub, 7 yaşlı qızı, eləcə də R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir ailənin məhvinə səbəb olan bu ağır yol-nəqliyyat hadisəsi dərin təəssüf hissi doğurmaqla yanaşı, sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təkcə özlərinin deyil, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!