Qaydada kənd təsərrüfatı kreditləri və restrukturizasiya olunmuş aktivlərlə bağlı xüsusi müddəalar yer alıb. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Kənd təsərrüfatı kreditləri yalnız müəyyən meyarlara cavab verən subyektlərə verilə bilər. Borcalanların “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçməsi tələb olunur. Bir sıra hallarda onların kənd təsərrüfatı sahəsində ən azı üç illik təcrübəyə malik olması vacib sayılır. Ailə kəndli təsərrüfatları üçün ayrıca tələblər müəyyənləşdirilib. Qaydada restrukturizasiya olunmuş aktiv anlayışına da yer verilib. Bu kateqoriyaya maliyyə çətinliyi yaşayan borcalanlar üçün şərtləri dəyişdirilmiş aktivlər daxildir. Müqavilə şərtlərinin dəyişdirilməsi faizlərin azaldılması və ya ödəniş müddətinin uzadılması formasında həyata keçirilə bilər. Məqsəd borcalanın öhdəliklərini yerinə yetirməsinə imkan yaratmaqla kredit risklərini azaltmaqdır.
