Aktivlərin keyfiyyət meyarlarına görə təsnifləşdirilməsi üçün yeni tələblər müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Hər bir təsnifat kateqoriyası üçün ayrıca meyarlar müəyyən olunub. Müəyyən edilmiş meyarlardan birinin aşkarlanması aktivin həmin kateqoriyaya aid edilməsinə əsas verəcək. Eyni aktiv üzrə müxtəlif risklər müəyyən olunarsa, daha aşağı təsnifat kateqoriyası tətbiq ediləcək. Qənaətbəxş aktivlər borcalanın öhdəliklərini tam və vaxtında yerinə yetirə bildiyi halları əhatə edir. Nəzarət altında olan aktivlər isə ödəmə qabiliyyətinə təsir göstərə biləcək risklərin mövcud olduğu halları ifadə edir. Xarici valyutada verilmiş kreditlər bəzi hallarda nəzarət altında olan aktiv hesab ediləcək. Dövri maliyyə hesabatlarının təqdim edilməməsi də risk meyarlarından biri sayılır. İqtisadi şəraitin pisləşməsi nəticəsində borcalanın ödəmə qabiliyyətində mənfi dəyişikliklər yaranarsa, aktiv əlavə risklərə məruz standart aktiv kimi təsnifləşdirilə bilər.
