Banklarda yaradılmış ehtiyatların keyfiyyətinə mütəmadi nəzarət həyata keçiriləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Mərkəzi Bankdakı və yüksək reytinqli banklardakı bəzi vəsaitlər üzrə ehtiyat yaradılmayacaq. Buraya müəyyən müxbir hesablar və “overnayt” depozitlər daxildir. Yaradılmış ehtiyatlar ən azı ayda bir dəfə yenidən qiymətləndiriləcək. Bu qiymətləndirmə aktivlərin gecikmə müddətləri nəzərə alınmaqla aparılacaq. Böyük həcmli kredit öhdəlikləri üzrə keyfiyyət təhlili ən azı altı ayda bir dəfə həyata keçiriləcək. Digər borcalanlar üzrə bu qiymətləndirmə ildə azı bir dəfə aparılmalıdır. Kənd təsərrüfatı kreditləri üçün ayrıca monitorinq qaydaları müəyyən olunub. Bu tədbirlər ehtiyatların aktivlərin real keyfiyyətinə uyğunluğunu təmin etməyə yönəlib.
