Bankların ödənilməmiş borclar müqabilində balanslarına qəbul etdikləri daşınmaz əmlakın təsnifatı ilə bağlı yeni tələblər müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən yüksək olduqda həmin əmlak ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdiriləcək. Bu halda təsnifat balans dəyəri əsasında aparılacaq. Əmlakın bazar qiyməti balans dəyərindən aşağı olduqda isə fərqli yanaşma tətbiq ediləcək. Bazar qiymətinə uyğun hissə qeyri-qənaətbəxş aktiv kimi qiymətləndiriləcək. Balans dəyəri ilə bazar qiyməti arasındakı fərq isə ümidsiz aktiv hesab olunacaq. Həmin aktivlər üzrə müvafiq ehtiyatlar yaradılmalıdır. Bu mexanizm aktivlərin real bazar dəyərinin nəzərə alınmasına xidmət edir. Məqsəd bankların risklərinin daha düzgün qiymətləndirilməsini təmin etməkdir.
