İyulun 12-də Gəncədə kütləvi zəhərlənmə olub.

Heftelik.az APA-ya nistinadən xəbər verir ki,  hadisə şəhərin Atatürk prospektində yas mərasimində baş verib.

Belə ki, yas yerində 8 nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

TƏBİB-dən bildirilib ki,  Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub. Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hadisə ilə bağlı açıqlamasında deyilir ki, 12 iyul 2026-cı il tarixində Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.

Araşdırmalar davam etdirilir.