ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirir.

Heftelik.az  xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilib ki, Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da – red.) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və dinc dənizçilərə zərbə endirmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana əlavə zərbələr endirməyə başlayıb: “Əmr ali baş komandan tərəfindən verilib”.

“Mehr” agentliyi Xondab, Əhvaz, Behbahan, Dezful, Omidiyyə və Bəndər-e Mahşəhr şəhərləri yaxınlığında partlayışlar baş verditi barədə məlumat yayıb.

İranın Dövlət Televiziyası İranın cənubundakı Sirik şəhəri yaxınlığındakı rabitə qülləsinə ziyan dəydiyini bildirib.

“Tasnim” agentliyinin məlumatında qeyd edilib ki, İran Ordusu ABŞ-nin hava hücumlarına cavab olaraq Birləşmiş Ştatların Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib. Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib və hərbi bazalardan birinə raket atılıb. İnsanların yaxınlıqdakı sığınacaqlara yerləşdirilməsi tövsiyə olunub.

ABŞ-nin Küveytdəki hərbi bazasında da partlayışın baş verdiyi barədə məlumat yayılıb.

İran İordaniyada ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən Muvaffaq Salti hərbi bazasını da hədəfə alıb. İrana aid raketlərin uğurla zərərsizləşdirildiyi bildirilsə də, partlayış səslərinin eşidildiyi barədə də xəbərlər yayılıb. Hətta İordaniyanın paytaxtı Əmmanın hava limanında uçuşların müvəqqəti dayandırıldığı bildirilir.