ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.
Heftelik.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat yayılıb.
Məlumata görə, beş saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasa zərbələr endirib.
Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.
İran isə Küveytdə yerləşən ABŞ hərbi bazasına və Amerika hərbi gəmisinə zərbələr endirdiyini bəyan edib. İran tərəfinin iddiasına görə, ABŞ hərbi bazasının obyektləri pilotsuz uçuş aparatları ilə, Amerika hərbi gəmisi isə qanadlı raketlərlə hədəfə alınıb.
ABŞ tərəfi hələlik bu məlumatlara münasibət bildirməyib.
Bu arada ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı Konqresə rəsmi bildiriş göndərib .İyulun 10-da qanunvericilərə göndərilən məktubda Tramp ABŞ hərbçilərinin iyulun 7-də İrandakı hədəflərə “müdafiə xarakterli zərbələr” endirdiyini bildirib.
