ABŞ alimləri müəyyən ediblər ki, bədən çəkisinin normadan az olması alkoqoldan sui-istifadə edən insanlarda sağlamlıq riskini əhəmiyyətli dərəcədə artırır. Araşdırmanın nəticələrinə görə, vaxtından əvvəl ölüm riski ən yüksək olan qrup məhz çəkisi az olan şəxslərdir.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Tədqiqat Pensilvaniya Universiteti alimləri və ABŞ-ın digər elmi mərkəzlərindən olan tədqiqatçılar tərəfindən aparılıb. Nəticələr Drug and Alcohol Dependence jurnalında dərc olunub. Alimlər 2001-2011-ci illər arasında toplanmış, yaşı 35-85 arasında dəyişən 200 mindən çox ABŞ vətəndaşının məlumatlarını təhlil ediblər. İştirakçılar bədən kütlə indeksi (BKİ) əsasında qruplara bölünüb və onların ölüm göstəriciləri bədən çəkisi və alkoqol istehlakı səviyyəsinə görə müqayisə olunub.
Araşdırma göstərib ki, artıq çəkisi olan və alkoqoldan həddindən artıq istifadə edən insanlarda ürək-damar xəstəlikləri, xərçəng və digər səbəblərdən ölüm riski normal çəkili, alkoqolu ölçülü şəkildə qəbul edən insanlarla müqayisədə təxminən 16 faiz yüksəkdir. Lakin ən narahatedici nəticələr bədən kütlə indeksi 18,5-dən aşağı olan, yəni çəkisi normadan az olan iştirakçılar arasında qeydə alınıb.
