Çindən Azərbaycana ianə olunan cihazlarla qapalı yerlərdə olan minaları görmək olur.

Heftelik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov APA-ya deyib.

ANAMA sədri bildirib ki, müharibədən sonra, 2021-ci ildə ANAMA-nın hüquqi statusu müəyyən edilib, bundan sonra şəxsi heyətin sayı artırılıb, yeni avadanlıqlar, itlər alınıb:

“Ən son Çindən agentliyə 2 ədəd rentgen cihazı ianə olunub. Bu cihazlarla qapalı yerlərin, dolabların içində nələr olduğunu açmadan görə bilirik. Bu, yeni texnologiyadır, indiyə qədər bu cihazlardan istifadə etməmişik. Bu evlərin, qapalı yerlərin təmizlənməsində işimizə yarayacaq. Əvvəllər qapılara bərkidilmiş tələ minalarını aşkarlamaq çox çətin olurdu”.