“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilib.

Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqə əsasında həyata keçirilir. Müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hər il keçirilir. Müsabiqənin keçirilməsi müddəti Nazirlik tərəfindən müəyyən edilir.

“Lisenziyalar və icazələr haqqında” qanuna əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri müsabiqədə iddiaçı qismində iştirak etmək hüququna malikdirlər. Layihədə dövlət dəstəyinin ümumi məbləği ondan faydalana biləcək təhsilalanların sayından, bu Qaydada göstərilən məbləğdən və layihənin icra müddətindən asılı olaraq müəyyən edilir. Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində, lakin Bakı şəhəri üzrə 350 (üç yüz əlli) manat, digər regionlar üzrə isə 250 (iki yüz əlli) manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. Layihələrin icra müddəti 10 (on) aydan çox olmamalıdır. Layihə üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi dövlət büdcəsində Nazirlik üçün nəzərdə tutulmuş məqsədli vəsait həcmində həyata keçirilir.

Müsabiqənin keçirilməsi üçün Nazirlik tərəfindən tərkibi Nazirliyin əməkdaşlarından ibarət olmaqla ən azı 5 (beş) nəfərdən ibarət İşçi qrup yaradılır.

Valideynlər layihədə tərəfdaş kimi çıxış edirlər. Müsabiqə qalibləri olmuş iddiaçılar layihələrində göstərdikləri saydan artıq olmayan sayda təhsilalanların cəlb edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”na uyğun olaraq layihədə valideynlərin iştirakını təmin edir. Valideynlər Nazirliyin rəsmi internet saytında müsabiqənin qalibləri barədə məlumat yerləşdirildikdən, qaliblərin təqdim etdikləri məlumatlarla tanış olduqdan, valideynin aylıq iştirak payı ilə razı olduqdan sonra EHİS-dəki elektron kabinetinə daxil olaraq dövlət dəstəyinin alınması üçün təhsilalanların qeydiyyatını apararaq elektron ərizəni doldurur və onu təsdiq edirlər.