
22 iyul – Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları və bu sahədə çalışan hər kəsi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış, maariflənmə və ictimai-siyasi düşüncəsinin formalaşması ilə sıx bağlıdır. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin böyük fədakarlıq və milli məfkurə ilə nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Qəzetin təsisçisi olan Həsən bəy Zərdabi həm də xalqın milli özünüdərkinin güclənməsi, cəmiyyətin tərəqqisi üçün ömrünü həsr etmiş görkəmli ziyalı idi.
“Əkinçi”dən başlayan bu şərəfli yol sonrakı dövrlərdə Azərbaycan jurnalistikasının zəngin və çoxşaxəli ənənələrinin təməlini təşkil edir. Qəzetin ideyaları sonrakı nəslin tanınmış maarifçiləri tərəfindən uğurla davam etdirilmişdir. XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və digər milli düşüncənin aparıcı nümayəndələri mətbuatın milli ideya əsaslarının möhkəmləndirilməsi uğrunda əzmlə fəaliyyət göstərirdilər.
XX əsrin 90-cı illərindən başlayaraq müstəqil Azərbaycanın milli mətbuatının bugünkü inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etməliyik. Ulu Öndərin media ilə açıq ünsiyyət ənənəsi, bu sahəyə verdiyi dəyər ölkədə peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə, eləcə də bu gün ölkəmizdə tanınan və nüfuz qazanan jurnalistlərin böyük bir nəslinin yetişməsinə güclü təsir göstərmişdir.
30 il ərzində Qarabağ münaqişəsi və işğal dövründə Azərbaycan jurnalistikasının üzərinə böyük məsuliyyət düşürdü. İşğal olunmuş ərazilərimizdə törədilən cinayətlərin, dağıntıların, tarixi və mədəni irsimizə qarşı həyata keçirilən vandalizmin, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsinin dünya ictimaiyyətinə çatdırılması ciddi bir informasiya mübarizəsi idi.
44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, mediamız, xalqımız, hər bir vətəndaşımız vahid məqsəd ətrafında birləşdi, tarixi gerçəklərin qlobal miqyasda yayılmasında həmrəylik nümayiş etdirdi.
II Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidentinin qətiyyətli çıxışları, müsahibələri, dillər əzbərinə çevrilən, səsləndirdiyi unudulmaz ifadələri informasiya cəbhəsində Qələbənin ən güclü nümunələrindən biri kimi tarixə yazıldı. Dövlət başçısı həm Azərbaycanın milli maraqlarını böyük əminliklə, prinsipiallıqla, dönməz iradə ilə qoruyur, həm də münaqişənin mahiyyətini, çoxəsrlik həqiqətlərimizi beynəlxalq auditoriyaya dolğun və əsaslandırılmış şəkildə nümayiş etdirirdi.
Bu gün də Qarabağın tarixi reallıqlarının, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin beynəlxalq media mühitində geniş şəkildə yayımlanması bizim jurnalistikamız qarşısında mühüm vəzifələrdəndir.
Bu gün Azərbaycan Prezidentinin həm yerli, həm də dünyanın aparıcı media qurumlarına mütəmadi müsahibələri vasitəsilə Azərbaycanın milli mövqeyi, regionda baş verən proseslər, ölkəmizin inkişaf strategiyası ilə bağlı məsələlər birbaşa geniş ictimaiyyətə təqdim olunur. Bu, həm də müasir diplomatiyada və informasiya məkanında açıq, çevik və təsirli kommunikasiya siyasətinin mühüm nümunəsidir.
Müasir dövrdə informasiya platforması həm də dövlətlərin beynəlxalq nüfuzuna, ictimai rəyə və siyasi proseslərə təsir edən önəmli strateji amildir. Bu baxımdan peşəkar, məsuliyyətli və obyektiv jurnalistikanın əhəmiyyəti daha da artır. Dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının geniş yayıldığı bir dövrdə jurnalistin peşə etikası, dəqiqliyi, məsuliyyəti və vətənpərvər mövqeyi olduqca ciddi mahiyyət daşıyır.
Bu gün Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır – Milli mətbuatımızın 150 ildən artıq ənənələrini yaşatmaq, inkişaf etdirmək. Milli jurnalistikamızın tərəqqisi, ölkəmizin informasiya təhlükəsizliyinə, milli maraqlarımızın qorunmasına xidmət edir.
Günay Əfəndiyeva – Milli Məclisin deputatı
