Kreml Rusiya və Almaniya nümayəndələri arasında Bakıda görüş keçirilməsi barədə məlumatlı deyil.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüş barədə məlumatı olmadığını söyləyib.

Qeyd edək ki, “The Times” nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb.

Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federal Kansleri ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bununla bağlı suala cavabında Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndiklərini, Azərbaycan tərəfinin bu barədə xəbərinin olmadığını söyləyib. Dövlət başçısı bildirib ki, Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib, “The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqlənib.

“İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”, – deyə Prezident vurğulayıb.