“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin keçmiş  icraçı direktor Nəriman Abdul-Əliyev məhkəmənin telekanalın hesabına həbs qoymasına münasibət bidlrib.

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Heftelik.az xəbər verir ki,  Nəriman Abdul-Əliyev “Space TV”-nin məhkəmə qərarı ilə bağlı yaydığı açıqlamada məsuliyyətin keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor kimi onun üzərinə düşməsinin qeyd edilməsi ilə razılaşmayıb.

“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” – “Space TV”-dən məhkəmə qərarına MÜNASİBƏT

Nəriman Abdul-Əliyev  Space TV-nin yaydığı bəyanatla əlaqədar mövqeyini açıqlamağı zəruri hesab etdiyini bildirib:

“Mən heç vaxt məsuliyyətdən yayınmamışam və indi də bundan yayınmaq niyyətində deyiləm. Lakin məsuliyyət yalnız faktlara, sənədlərə və real nəticələrə əsaslanmalıdır.

Bəli, bəyanatda qeyd olunan kredit həqiqətən də mövcud idi. Ancaq burada ən vacib məqam odur ki, həmin kredit bizim rəhbərliyə gəlməyimizdən iki il əvvəl rəsmiləşdirilmişdi. Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlərlə birlikdə təhvil almışdıq.

Məhz belə şəraitdə idarəetmənin keyfiyyəti özünü göstərir. Rəhbəri ona miras qalan problemlərə görə deyil, əldə etdiyi nəticələrə görə qiymətləndirirlər.

Maliyyə çətinlikləri təkcə bir televiziya kanalının problemi deyil və hər hansı bir rəhbərliyin qərarlarının nəticəsi də sayılmamalıdır. Bu, bu gün faktiki olaraq bütün televiziya bazarının üzləşdiyi sistemli çağırışdır.

Son illərdə beynəlxalq və iri milli reklamçılar reklam büdcələrinin əhəmiyyətli hissəsini rəqəmsal platformalara yönəldiblər. İnvestisiyaların böyük hissəsi internetə, sosial şəbəkələrə və digər rəqəmsal kanallara axıb. Nəticədə televiziya reklamlarının həcmi nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da əksər televiziya kanallarının maliyyə vəziyyətinə obyektiv təsir göstərib. Məhz bu səbəblərdən kanal kredit öhdəliklərini vaxtında yerinə yetirmək imkanında olmayıb.

Qeyd etmək istəyirəm ki, məhz mənim rəhbərliyim dövründə Space TV milli televiziya kanalları arasında yeddinci yerdən ikinci yerə yüksəldi. Bu, komandamızın əməyinin nəticəsidir.

İkinci yerdə olan bir televiziya kanalını qəbul etmək başqa məsələdir. Yeddinci yerdə olan bir kanalı qəbul edib onu reytinq göstəricilərini dörd dəfə artırmaqla ikinci pilləyə yüksəltmək isə tamamilə fərqli idarəçilik vəzifəsidir. Hər bir rəhbərin fəaliyyətinin effektivliyi də məhz bu meyar əsasında qiymətləndirilməlidir.

Çətin maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların əməkhaqları vaxtında ödənilirdi. Kanal öz öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu hazırlamağa davam edirdi.

Fəaliyyətimi başa çatdırmazdan əvvəl böyük kommersiya müqaviləsi bağlanmışdı. Həmin müqavilə kanala sabit fəaliyyət göstərmək imkanı yaratmışdı və bu gün də həmin imkanı təmin edir. Hətta indiki rəhbərliyin bir neçə ay əvvəl bəhs etdiyi əməkhaqlarının ödənilməsi də məhz mənim imzaladığım həmin müqavilə hesabına mümkün olmuşdu.

Bundan əlavə, bizim gedişimizdən sonra da efirdə yayımlanmağa davam edən televiziya kontentinin əhəmiyyətli hissəsi məhz mənim rəhbərliyim dövründə satın alınmışdı.

Xüsusilə də rəhbərliyim dövründə kanalın texniki bazasının inkişaf etdirilmədiyi barədə səsləndirilən iddialar təəccüb doğurur.

Bu, həqiqətə uyğun deyil. Mənim rəhbərlik etdiyim dövrdə Space TV-nin texniki bazası genişmiqyaslı şəkildə modernləşdirilib.

Xüsusilə aşağıdakılar alınmışdı:

  • 8 ədəd robotlaşdırılmış televiziya kamerası;
  • 3 ədəd yeni studiya kamerası;
  • bütün studiyalar üçün yeni televiziya idarəetmə pultları;
  • mikrofon parkı tamamilə yenilənmişdi;
  • yeni kompüterlər və istehsalat avadanlıqları;
  • televiziya studiyaları modernləşdirilmişdi;
  • efir və istehsalat avadanlıqları yenilənmişdi;
  • yeni xidməti avtomobillər alınmışdı.

Bu görülən işlərin tam siyahısı deyil.

Bütün satınalmalar rəsmi qaydada həyata keçirilmişdi. Bütün müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və mühasibat sənədləri televiziya kanalının arxivində saxlanılır. Həmçinin görülən bütün işlər barədə məlumat Audiovizual Şura tərəfindən tərtib edilmiş aktda da öz əksini tapıb. Buna görə də bu cür iddiaları yoxlamaq çox asandır – sadəcə sənədlərə baxmaq kifayətdir.

Hazırkı rəhbərlik öz bəyanatında binanın təmirinə də xüsusi diqqət yetirir. Qeyd etmək istəyirəm ki, otaqlarda kosmetik təmir işləri hələ bizim rəhbərlik dövründə aparılmışdı. Əgər bu gün əsas nailiyyətlərdən biri kimi bir neçə santexnika elementinin dəyişdirilməsi təqdim olunursa, onda hər kəs bu dəyişikliklərin miqyasını və bunu komandamızın gördüyü işlərlə müqayisə edərək özü qiymətləndirə bilər.

Mən investisiyanı məhz televiziya kanalının inkişafına yönəltmişəm. Bu gün də verilişlərin çəkildiyi studiyalar modernləşdirilib, texniki infrastruktur yenilənib, peşəkar televiziya avadanlıqları, yeni kompüterlər, kameralar, robotlaşdırılmış sistemlər, mikrofon avadanlıqları, televiziya idarəetmə pultları və xidməti nəqliyyat vasitələri alınıb.

Televiziya reytinqlərinin mövcud dinamikası ilə bağlı peşəkar təhlilim göstərir ki, artıq sentyabr ayının yekunlarına əsasən Space TV təxminən beşinci yerə enə bilər.

Mən televiziya kanalını borclar, köhnəlmiş texnika və çoxsaylı problemlərlə qəbul edəndə günahkar axtarmırdım. Biz məsuliyyəti üzərimizə götürdük. Çalışdıq. Nəticə əldə etdik.

Ayaz Mustafayevin bütün bu açıqlamaları isə sadəcə öz üzərinə götürməyə hazır olmadığı məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Halbuki o, buna baxmayaraq rəhbər vəzifəsini qəbul edib. Mən də eyni məntiqlə məsuliyyəti kanalı həmin krediti ödəmək imkanının olmadığını bilə-bilə bu krediti götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O da öz növbəsində məsuliyyəti ondan əvvəlki rəhbərliyin üzərinə yönəldə bilər.

Bu gün söylədiyim hər bir fikir sənədlər, maliyyə hesabatları, müqavilələr, satınalma sənədləri, reytinq göstəriciləri və komandamızın əldə etdiyi nəticələrlə təsdiqlənir”.