Meksikada xüsusi təyinatlılar “Xalisko Yeni Nəsil” narkokartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan “R1” ləqəbli Ramon Anxel Alvares Ayalanı saxlayıblar.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, o, Xalisko ştatının Atotonilko-el-Alto şəhərində keçirilən əməliyyat zamanı ələ keçirilib. Hazırda “Los Rs” qruplaşmasının lideri ölkənin ən ciddi rejimli həbsxanalarından biri olan Altiplano həbsxanasına yerləşdirilib.

Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuçun sözlərinə görə, “R1” bir neçə səs-küylü qətlin təşkilində şübhəli bilinir.

İstintaqın versiyasına əsasən, 23 yaşlı “TikTok” bloqeri və gözəllik salonunun sahibi Valeriya Markes canlı yayım zamanı qətlə yetirilib. Silahlı şəxs salona daxil olaraq əvvəlcə qadının kimliyini dəqiqləşdirib, sonra isə ona atəş açıb.

İstintaq hesab edir ki, qətlin sifarişçisi kartel rəhbərinin oğlu Fransisko Alvares olub. Bildirilir ki, bloqer onunla münasibətini bitirdikdən sonra o, atasından keçmiş sevgilisini öldürməyi istəyib.

Bundan başqa, “R1” 2025-ci ilin noyabrında “Ölülər Günü” festivalı zamanı Uruapan şəhərinin 40 yaşlı meri Karlos Mansonun qətlə yetirilməsinin də əsas təşkilatçısı olmaqda ittiham olunur. Mer narkotik kartellərinə qarşı sərt tədbirlərin görülməsini tələb edirdi.

Nazir Omar Qarsiya Harfuç bildirib ki, istintaqın əlində kartel başçısının oğlunun atasından bloqerin öldürülməsini istədiyini təsdiqləyən kifayət qədər sübut var və bunlar məhkəmədə təqdim olunacaq.

Hazırda kartel liderinin oğlu və bloqerin qətlini birbaşa törətməkdə şübhəli bilinən şəxs axtarışdadır. Merin qətli ilə bağlı isə indiyədək 31 nəfər saxlanılıb.