Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi Ali Hərbi Şuranın (YAŞ) qərarları açıqlanıb.

Heftelik.az xəbər verir ki, Ali Hərbi Şuranın qərarına əsasən, mərasimdə vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu da iştirak ediblər.

Prezident Ərdoğanın təsdiqlədiyi qərarlara uyğun olaraq, avqustun 30-dan etibarən 25 general və admiral növbəti ali hərbi rütbəyə yüksəldilib, 69 polkovnik isə general və admiral rütbəsi alıb.

24 generalın xidmət müddəti 1 il, 530 polkovnikin xidmət müddəti isə 2 il uzadılıb. Yaş həddinə çatdığı üçün 2 general sentyabrın 1-dən, ştat çatışmazlığı səbəbindən isə 61 general və admiral avqustun 30-dan etibarən ehtiyata buraxılıb.

Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlunun xidmət müddətinin də 1 il uzadılmasına qərar verilib.

Hərbi Hava Qüvvələrinin komandanı Rafet Dalkıran oldu

Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu ştat çatışmazlığı səbəbindən ehtiyata buraxıldığından, onun yerinə Döyüş Hava Qüvvələrinin komandanı ordu generalı Rafet Dalkıran təyin edilib.

Hazırda 328 olan general və admiral sayı avqustun 30-dan etibarən 334-ə yüksələcək.

Avqustun 30-dan qüvvəyə minəcək qərara əsasən, Hərbi Hava Qüvvələrindən general-leytenant Erdoğan Gür ordu generalı rütbəsinə yüksəldilib. Quru Qoşunlarından general-mayorlar Burhan Aktaş, Ertan İnaltekin və Alparslan Kılınç general-leytenant, Hərbi Dəniz Qüvvələrindən kontr-admirallar Ramazan Özoğul və Erhan Aydın vitse-admiral, Hərbi Hava Qüvvələrindən general-mayor Kemal Turan isə general-leytenant rütbəsinə layiq görülüb.

Quru Qoşunlarından briqada generalları Şükrü Bilir, Mustafa Büyükköroğlu, İsmail Özcan, Şener Kopal, Ahmet Aşık, Bülent Tanrıverdi, Mehmet Açık, Mustafa Yeter, Coşkun Çelik, Ömer Şahin Selvi, Yüksel Kolcu, İsmail Analı və Hakan Durmazpınar general-mayor rütbəsinə yüksəldilib. Hərbi Dəniz Qüvvələrindən flotiliya admiralı Erhan Akbayrak, Yücel Darcan, Eren Günay və Kenan Kaan Türkkan kontr-admiraldan vitse-admiral rütbəsinə, Hərbi Hava Qüvvələrindən briqada generalı Cihangir Kemal Yüzçelik isə general-mayor rütbəsinə yüksəldilib.

“Qəhrəman ordumuz üçün xeyirli olsun”

Prezident Rəcəb Tayyib Ərdoğan YAŞ qərarları açıqlandıqdan sonra bildirib:

“Bu gün keçirdiyimiz Ali Hərbi Şurada qəbul etdiyimiz qərarlar ölkəmiz, xalqımız və qəhrəman ordumuz üçün xeyirli olsun.”

Rafet Dalkıran kimdir?

Ordu generalı Rafet Dalkıran 1988-ci ildə Hərbi Hava Məktəbini bitirib. Daha sonra Hərbi Hava Akademiyasını başa vuraraq qərargah zabiti olub.

2008-ci ildə qərargah polkovniki, 2015-ci ildə briqada generalı rütbəsinə yüksəlib. 2015–2016-cı illərdə Baş Qərargahın Kəşfiyyat, Planlaşdırma və Koordinasiya İdarəsinə rəhbərlik edib. 2016–2017-ci illərdə 5-ci Əsas Reaktiv Hava Bazasının, 2017–2018-ci illərdə isə Hərbi Hava Məktəbinin komandanı olub.

2018-ci ildə general-mayor rütbəsinə yüksəldilib və 2018–2021-ci illərdə 2-ci Əsas Reaktiv Hava Bazasına komandanlıq edib.

2021-ci ildə general-leytenant rütbəsinə yüksəlib. 2021–2022-ci illərdə Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, 2022–2025-ci illərdə isə Türkiyə Hərbi Hava Qüvvələrinin Qərargah rəisi vəzifəsində çalışıb.

2025-ci ildə ordu generalı rütbəsinə yüksəldilərək Döyüş Hava Qüvvələrinin komandanı təyin olunub.

Bu gün isə Ali Hərbi Şuranın qərarı ilə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.