“Kocaelispor” Klubunun prezidenti Recep Durul komandanı icazəsiz tərk edən Habib Ali Keytanın vəziyyəti ilə bağlı açıqlama verib.

Heftelik.az xəbər verir ki, Recep Durul mətbuat konfransında bildirib ki, futbolçunun gedişinin arxasında sevgi münasibəti ilə bağlı iddialar dayanır.

 

“Bir qıza aşiq olduğu üçün getdiyi deyilir”

 

Klub prezidenti 24 yaşlı futbolçunun bir qadına aşiq olduğu üçün təlim-məşq toplanışını tərk etdiyinə dair məlumatların yayıldığını bildirib.

“Keytanın icazəsiz getməsi, əlbəttə ki, xoş hal deyil. Buna ağlasığmaz hərəkət də demək olar. Bizə deyilənlərə görə, o, bir qıza aşiq olub və buna görə gedib. Bundan əlavə, Türkiyədə deyil, xaricdəki klublardan birində oynamaq istəyir. Menecerləri isə bəzən telefon zənglərinə cavab verir, bəzən isə vermirlər. Biz “Kocaelispor” olaraq zəruri hüquqi prosedurlara başlayacağıq. Bununla belə, ona bir qədər vaxt vermişik. Deyilənə görə, ona 3-4 klubdan transfer təklifi var. Lakin bu günə qədər bizə heç bir rəsmi təklif daxil olmayıb”, – deyə Durul bildirib.

 

 “Klub üçün faydalı olacaqsa, onu bağışlayarıq”

 

Recep Durul qeyd edib ki, Keyta komandaya qayıdacağı təqdirdə qərar klubun maraqları nəzərə alınmaqla veriləcək:

“Əgər Keyta geri qayıtsa, biz “Kocaelispor” olaraq klub üçün ən faydalı variantı seçəcəyik. Lazım gələrsə, onu bağışlayarıq, bunda problem yoxdur. Lazım gələrsə, yenidən komandaya cəlb edərik. Bununla bağlı hələlik yekun qərar verməmişik, amma istənilən halda müəyyən intizam tədbiri görüləcək. Bu tədbirin hansı səviyyədə olacağını hazırda deyə bilmərəm. Keyta qayıdandan sonra, əgər qayıtsa, vəziyyəti qiymətləndirəcəyik. Əgər Keyta etdiyi səhvə görə üzr istəsə, peşman olduğunu, menecerlərin təsiri altında qaldığını və səhv etdiyini desə, bunu ciddi şəkildə düşünərəm. Açığı, onu yenidən komandada görmək istərdim. O, faydalı futbolçudur. Buna görə də onu uzun müddət cəzalandırmaq klubumuza ciddi fayda verməz. Bizim əsas məqsədimiz “Kocaelispor”-un maraqlarını qorumaqdır. Əgər bu, klub üçün faydalı olacaqsa, onu bağışlayarıq. Amma hər bir halda müəyyən intizam tədbiri mütləq tətbiq olunacaq”.