Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın (YAŞ) iclasında Hərbi Hava Qüvvələrinin komandanlığında dəyişiklik baş verib, eyni zamanda bir ilk yaşanıb.
Heftelik.az xəbər verir ki, polkovnik Özləm Karapınara briqada generalı rütbəsi verilib.
Bununla da Özləm Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı (paşası) olub.
Qeyd edək ki, Ali Hərbi Şuranın (YAŞ) iclası bu gün Ankarada Beştəpədə keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutan iclas 2 saat 20 dəqiqə davam edib. İclasda Türkiyə Silahlı Qüvvələrində həyata keçiriləcək rütbə yüksəlişləri və təqaüdə göndərilmə qərarları müzakirə olunub.
Qərara əsasən, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Camal Kadıoğlu ştat çatışmazlığı səbəbindən təqaüdə göndərilib. Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə Döyüş Hava Qüvvələrinin komandanı, ordu generalı Rafet Dalkıran təyin edilib.
