İtaliyada böyük şans qazanan, lakin səhv anlaşılma səbəbindən zibilə atılan 1 milyon avro dəyərində lotereya bileti iki günlük axtarışdan sonra tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Apuliya bölgəsinin Bari şəhəri yaxınlığındakı Bitonto qəsəbəsində baş verib.

Qalib olduğu bilinən qadın lotereya terminalında biletini yoxlayarkən ekranda “ödənilə bilməz” bildirişi ilə qarşılaşıb və biletin uduşlu olmadığını düşünərək onu yerli köşkdə atıb.

Lakin daha sonra yaxınlarından biri biletdəki rəqəmlərin qalib kombinasiyaya uyğun olduğunu xatırladıb. Ailə dərhal köşkə qayıtsa da, bilet artıq zibil maşını ilə aparılmışdı.

Biletin tapılması üçün tullantıların idarə olunmasına cavabdeh olan “Sanb” şirkətinin əməkdaşları işə cəlb olunub. Şirkətin direktoru Roberto Nikola Toskano bildirib ki, düzgün zibil maşını müəyyən edilərək, konteyner sıxışdırılmadan əvvəl dayandırılıb.

Altı tonluq zibil yığını arasında aparılan uzun axtarış nəticəsində bilet səhər saat 05:30 radələrində tapılıb.

Toskano bildirib ki, bilet cırılmış bir torbanın içində olub, lakin digər tullantılardan fərqli olaraq tamamilə salamat qalıb.

“Bileti əlimə alanda onun uğur gətirəcəyinə ümid etdim”, – deyə o bildirib.

Tullantı işçiləri axtarışdan sonra qəhvə fasiləsi zamanı təsadüfi şəkildə aldıqları başqa bir lotereya biletindən də 50 avro uduş əldə ediblər.

“Sanb” şirkətinin rəhbəri əlavə edib ki, axtarış əməliyyatının bütün xərcləri qalib tərəfindən qarşılanacaq. Qalib həmçinin əməliyyatdan əvvəl mümkün xərcləri ödəməyi öhdəsinə götürüb.