Rusiyanın mülki gəmilərə və liman infrastrukturuna endirdiyi silsilə zərbələrdən sonra Qara dənizdə yükdaşımalar demək olar ki, dayanıb.
Heftelik.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Foreign Policy” jurnalı çıxış edib.
Məqalədə xəbərdarlıq olunur ki, vəziyyət yeni ixrac mövsümünə qədər dəyişməsə, dünya ərzaq böhranı ilə üzləşə bilər.
Bildirilib ki, dəniz dəhlizi formal olaraq açıq qalsa da, gəmi sahibləri raket və pilotsuz uçuş aparatları ilə hücum təhlükəsinə görə gəmilərini marşruta çıxarmaqdan imtina edirlər.
Ukrayna tərəfinin məlumatına əsasən, iyul ayında Rusiya limanlarda və dənizdə ümumilikdə 57 Ukrayna və xarici ticarət gəmisinə zərbələr endirib. Nəticədə taxıl ixracı təxminən üç dəfə azalıb, dəniz daşımalarının qiyməti isə demək olar ki, iki dəfə artıb.
Jurnal qeyd edir ki, Qara dəniz limanları Ukraynanın əsas ixrac marşrutudur. Kənd təsərrüfatı məhsullarının təxminən 90 faizi, eləcə də metallurgiya və dağ-mədən sənayesi məhsullarının böyük hissəsi bu limanlar vasitəsilə ixrac olunur.
Ukraynanın Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ildə ixrac gəlirlərinin birbaşa itkilərini 1,5–3 milyard dollar arasında qiymətləndirib.
