Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.Heftelik.az xəbər verir ki, bununla bağlı yazıçı Ülviyyə Heydərova paylaşım edib.
O, paylaşımında aidiyyəti qurum və təşkilatlara müraciət edərək Cavad Mircavadovun məzarının nəzarətə götürülməsini və bərpa olunmasını xahiş edib:
“Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından, uzaqdan əlaqəsi yoxdur. Amma biz ki varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa ki gücümüz var”.
Mədəniyyət Nazirliyindən bildirilib ki, görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının vəziyyəti ilə bağlı məsələ diqqətə götürülüb. Bildirilib ki, məzarın mövcud vəziyyəti aidiyyəti qurumlarla birgə nəzərdən keçiriləcək və zəruri tədbirlərin görülməsi imkanları qiymətləndiriləcək: “Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq”.
