Cəbrayıl rayonunun Daş Veysəlli kəndində Burinci Qarabağ müharibəsinin Şişqaya (1992-ci ilin avqust ayı) və Daşbaşı (1993-cü ilin avqust ayı) əməliyyatında şəhid olanların xatirəsi anılıb.
“Ağtəpədən Şəhidlər Abidə Kompleksinə” adlı anım tədbiri Daş Veysəlli Şəhidlər Abidə Kompleksinə yürüşlə başlayıb.
Anım tədbirində şəhid ailələri, qazilər, müharibə veteranları, kənd ictimaiyyətinin nümayəndələri və müxtəlif bölgələrdən gəlmiş qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə həmin döyüşlərdə şəhid olan altı nəfərin – Azər Hümbət oğlu Aslanov, Ramiz Süleyman oğlu Xudiyev, Savalan Ömər oğlu Quliyev, Zahid Əvəz oğlu Abdullayev, Murad Hafis oğlu Cəfərov və Həsən Hüseyn oğlu Hüseynovun vaxtilə yaşadıqları, bu gün isə müharibənin ağır izlərini daşıyan viran qalmış evlərini ziyarət ediblər.
Şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.
Şəhid ailə üzvlərinin xatirələri dinlənilib.
Daha sonra anım mərasimi Daş Veysəlli Şəhidlər Abidə Kompleksində davam etdirilib. Burada çıxış edənlər Şişqaya və Daşbaşı döyüşlərində qəhrəmancasına vuruşan, Vətən uğrunda canlarından keçənlərin şücaətindən, onların göstərdikləri misilsiz qəhrəmanlıqdan söz açıblar. Bildirilib ki, şəhidlərimizin keçdiyi döyüş yolu və göstərdikləri fədakarlıqlar əbədi yaşayacaq.
O da vurğulanıb ki, bu tədbir bir daha şəhidlərin unudulmadığına, onların xatirəsinin daim uca tutulduğuna sübutdur.

