İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı misli görünməmiş miqyasda iqtisadi müharibə elan etməsinə reaksiya verib.

Heftelik.az xəbər verir ki, Əraqçi bu barədə “X” hesabında yazıb.

O, ABŞ-ın dövlət borcunun 40 trilyon dollara çatmasına işarə edərək, Trampın elan etdiyi iqtisadi müharibənin diqqəti Vaşinqtonun düşdüyü maliyyə böhranından yayındırmaq cəhdi olduğunu bildirib.

“Dırnaq arası İqtisadi D-Günü əməliyyatı ABŞ-ın öz böhranından – misli görünməmiş borcdan və yüksələn faiz xərclərindən diqqəti yayındırmaq cəhdidir. Nəticə verməmiş siyasəti yenidən həyata keçirmək daha çox məğlubiyyətə və İran xalqının nifrətinə səbəb olacaq. ABŞ-ın iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və suverenliyi təhdid edir”, – Əraqçi vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti İrana qarşı “indiyə qədər ən güclü” iqtisadi müharibə elan edib.

 

Tramp İrana qarşı görünməmiş “iqtisadi müharibə” elan edib