Futbol qapılarının 7,32 metr enində və 2,44 metr hündürlüyündə olması ilk baxışdan dəqiq hesablanmış xüsusi rəqəmlər kimi görünür. Əslində isə bu ölçülərin yaranmasının səbəbi olduqca sadədir.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, futbolun ilk rəsmi qaydaları İngiltərədə hazırlandığı üçün qapının ölçüləri də həmin dövrdə istifadə olunan Britaniya ölçü sistemi ilə müəyyən edilib. Qapının eni 8 yard, hündürlüyü isə 8 fut olaraq qəbul olunub. Bu ölçülər sonradan metrik sistemə çevriləndə müvafiq olaraq 7,32 metr və 2,44 metr alınıb.
Qapının 8 yard, yəni 7,32 metr eni 1863-cü ildə İngiltərə Futbol Assosiasiyasının ilk qaydalarında təsbit edilib. Həmin vaxt qapının hündürlüyü üçün konkret ölçü yox idi və qapılar sadəcə iki şaquli dirəkdən ibarət idi.
1866-cı ildə isə qapının hündürlüyü 8 fut, yəni 2,44 metr müəyyənləşdirilib. İlk vaxtlar dirəklərin arasına bu hündürlükdə lent çəkilirdi. Sonradan lent sərt tir ilə əvəz olunub və müasir futbol qapısının forması yaranıb.
Maraqlıdır ki, futbolçuların, xüsusilə də qapıçıların orta boyu ötən əsrlə müqayisədə xeyli artsa da, qapının ölçüləri dəyişməyib. Müasir qapıçıların bir çoxunun boyu 190 santimetrə yaxın və ya daha çoxdur.
Buna baxmayaraq, futbol qaydalarını müəyyən edən qurumlar qapının ölçüsünü böyütməyi məqsədəuyğun hesab etmirlər. Səbəb isə oyundakı tarazlığın qorunmasıdır. Qapıların böyüdülməsi vurulan qolların sayını əhəmiyyətli dərəcədə artıra və futbolun oyun xarakterini dəyişə bilər.
