ABŞ yaxın perspektivdə İrana yeni zərbələr endirməyi planlaşdırmır və Tehran üzərində təzyiqi digər vasitələrlə, o cümlədən sanksiyalarla artırmağa fokuslanacaq.
Heftelik.az xəbər verir ki, “Axios”un mənbələrə istinadən yaydığı məlumata görə bu barədə ABŞ dövlət katibi Marko Rubio bir neçə ölkənin xarici işlər nazirlərinə məlumat verib.
Rubionun sözlərinə görə, bununla belə, İranın ilk olaraq hücum edəcəyi təqdirdə ABŞ-ın zərbə endirməsini istisna etməyib.
ABŞ administrasiyası əsas diqqəti sanksiyalar və dəniz blokadası vasitəsilə İrana iqtisadi təzyiqin gücləndirilməsinə, həmçinin Hörmüz boğazından mümkün qədər çox neftin daşınmasına yönəltməyi planlaşdırır.
“Axios”un mənbələrindən biri bildirib ki, Vaşinqton bu yanaşmanı ən azı noyabrın 3-də keçiriləcək Konqresdəki aralıq seçkilərədək davam etdirmək niyyətindədir.
ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, Vaşinqton Tehranla danışıqlar aparmır, lakin hesab edir ki, təzyiq İranın danışıqlar masasına qayıtmasına kömək edə bilər.
