Bakının “Sabah” futbol klubunun İsrailin Beer-Şeva təmsilçisi olan “Hapoel” komandası ilə qarşıdurmadakı qələbəsi və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması İsrailin aparıcı xəbər platformaları tərəfindən geniş işıqlandırılıb.
Heftelik.az Report-a istinadən xəbər verir ki, “Ynet” “Hapoel”in məğlubiyyətini “ağrılı” adlandırıb.
“Böyük xəyal ən son anda və ən ağrılı şəkildə puç oldu: “Hapoel”i Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə qazanmaqdan təxminən 10 saniyə ayırırdı. İsrail çempionu ilk görüşdən sonra 2:1 hesablı üstünlüklə Azərbaycana cavab oyununa gəlmişdi və iki dəfə önə keçmişdi. Lakin 90+4-cü dəqiqədə buraxılan top oyunu əlavə vaxta daşıdı. Orada komanda daha iki dəfə qol buraxdı, iki qırmızı vərəqə aldı və yekunda “Sabah”a 2:5 hesabı ilə məğlub oldu”, – portal qeyd edir.
Nəşr Azərbaycan komandası ilə qarşıdurma ilə bağlı yazır: “Bu, “Hapoel”in Çempionlar Liqasının əsas mərhələsinə çata bilmədiyi artıq üçüncü və bəlkə də, ən ağrılı haldır”.
Eyni zamanda, ölkənin əsas internet qəzetlərindən biri olan “The Times of Israel” qeyd edir ki, 2022-ci ildən bəri heç bir İsrail komandası Çempionlar Liqasının əsas mərhələsində oynamayıb.
“Meydan sahibləri (“Sabah” – red.) ilk matçdakı məğlubiyyətdən sonra hesabı bərabərləşdirdilər, əlavə vaxtı oynadılar, daha sonra isə İsrail klubuna 6:4 hesabı ilə qalib gəldilər”, – qəzet qeyd edir.
İsrailin ən qədim və tanınmış qəzetlərindən biri olan “Haaretz” də “Hapoel”in Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansını əldən verdiyini vurğulayıb.
“Azərbaycan çempionu “Sabah”la ilk matçdan sonra 2:1 üstünlüyə malik olan “Hapoel” bilirdi ki, növbəti mərhələyə keçmək, pley-off mərhələsini adlamaq üçün uduzmamaq (Bakıda – red.) kifayət idi”, – qəzet qeyd edir.
“Haaretz” qeyd edir ki, İsrail klubunun Bakıda 2:1 hesabı ilə öndə olmasına baxmayaraq, “Sabah” son sözünü deməmişdi.
“Qalan vaxtda “Hapoel” hesabı qorumağa üstünlük verdi. Martsiano Ofirin yaxşı oyunu (qapıçı – red.) komandanı bir neçə dəfə xilas etdi. Lakin “Sabah” kembek etdi və oyunun əsas vaxtının son saniyələrində hesabı 3:2 etdi”, – “Haaretz”də qeyd ediblər.
“Nəticədə “Hapoel” növbəti dəfə yalnız Avropa Liqasında oynamaqla kifayətlənmək məcburiyyətində qaldı”, – nəşr vurğulayır.
İdman portallarından biri – sport1.maariv də Bakıdakı matçı “paramparça olmuş arzular” adlandırıb.
“İsrail çempionu üçün başlanğıc demək olar ki, ideal idi. Lakin birinci hissənin gedişatında azərbaycanlılar tədricən oyuna nəzarəti ələ aldılar”, – portal yazır.
Nəşr oyunda cərəyan edən hadisələri sadalayaraq diqqəti hesabda geriləyən “Sabah”ın təslim olmamasına yönəldir: “Rəhmanəliyev 74-cü dəqiqədə hesabı bərabərləşdirdi və bu andan etibarən meydan sahibləri təzyiqi artırdılar. Martsiano əla oyun keçirdi və bir neçə seyv etdi. “Hapoel”i tarixi andan cəmi 17 saniyə ayırırdı, lakin əsas vaxtın son hücumunda, 90+4-cü dəqiqədə meydan sahibləri qol vuraraq hesabı 3:2, iki matçın cəminə görə isə 4:4 etdilər və nəticədə oyunun vaxtı uzadıldı”.
“Hapoel”in Avropa futbolunun böyük səhnəsinə çıxmaq üçün növbəti cəhdi belə başa çatdı. Keçmişdə “Seltik” və “Maribor”la qarşıdurmalardakı ağrılı məğlubiyyətlərdən sonra bu dəfə İsrail çempionu tarixi vəsiqədən cəmi bir neçə saniyə uzaqda idi, lakin ən son anda qol buraxdı və əlavə vaxtda hər şey puç oldu”, – “sport1” bildirib.
