“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu məğlub edərək Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA ölkə reytinqindəki mövqeyinə ciddi təsir edib.
Heftelik.az Haqqin.az-a istinadən xəbər verir ki, “Sabah” bu nəticə ilə ölkəmizə ümumilikdə 7 reytinq xalı qazandırıb. Bunun 1 xalı cavab görüşündəki qələbəyə, 6 xalı isə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəyə görə verilən bonusdur.
Avrokuboklara Azərbaycandan 4 klub başladığı üçün 7 xal 4-ə bölünüb və ölkəmizin mövsümlük əmsalına 1,750 xal əlavə olunub.
Bununla Azərbaycanın 2026/27 mövsümündə qazandığı xal 5,125-ə çatıb. Hazırda bu, Avropada mövsümün ən yüksək göstəricisidir. Azərbaycan bir gecədə 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərəni qabaqlayıb.
Son 5 mövsümün nəticələrinin nəzərə alındığı UEFA ölkə reytinqində isə Azərbaycanın xalı 23,687-yə çatıb. Ölkəmiz Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəlib.
“Qarabağ” da “Tvente”ni keçərək UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanarsa, Azərbaycanın reytinqdə daha da irəliləmək və İsrail, Ukrayna, hətta Rumıniyanı qabaqlamaq şansı yaranacaq.
