ABŞ və İran arasında Hörmüz boğazı ətrafında yenidən toqquşmalar başlayıb.

Heftelik.az xəbər verir ki, CENTCOM) “X” hesabındakı paylaşımında bildirilib ki, İran daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirməyə başlanılıb. Komandanlıq İrana zərbələrin SEPAH-ın Hörmüz boğazında gəmiçiliyi hədəf alan son hücumlarından sonra endirildiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp da ABŞ Ordusunun İranın Hörmüz boğazı yaxınlığındakı hədəflərinə zərbələr endirdiyini açıqlayıb. Donald Tramp qeyd edib ki, zərbələr İranın Hörmüz boğazında dəniz minaları yerləşdirmək cəhdinə cavab olaraq həyata keçirilir: “Minalar aşkarlanıb və tamamilə çıxarılıb və ya zərərsizləşdirilib”.

Donald Tramp həmçinin İranın İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raket atdığını, onların hamısının ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Eyni zamanda xəbərdarlıq edib ki, İran bu hücumu yenidən təkrarlayarsa, ABŞ daha sərt və daha genişmiqyaslı zərbə endirəcək: “Ən böyük zərbə isə hələ qarşıdadır. Hər şey başa çatdıqdan sonra İran İslam Respublikasından çox az şey qalacaq”.

İran Silahlı Qüvvələri Baş Qərargahı bəyanatında ABŞ ordusunun Sistan və Bəlucistan və Hörmüzgan ostanlarının bəzi ərazilərinə endirdiyi hava zərbələrinə cavab veriləcəyini açıqlayıb. Bəyanatda bildirilib ki, İran Silahlı Qüvvələri ABŞ-a sarsıdıcı və ağır zərbələr endirəcək.

Qeyd olunub ki, ABŞ ordusu regionda təxribatlarını davam etdirməkdə israr edərsə, daha böyük və ağır itkilərlə üzləşəcək.

“Dəfələrlə bəyan etmişik və qərar vermişik ki, heç bir şəraitdə qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və ABŞ-a ağır bədəl ödədəcəyik”, – İran Silahlı Qüvvələri Baş Qərargahı vurğulayıb.