Hindistanda kişi həyat yoldaşının köməyi ilə sevgilisini öldürüb, daha sonra cəsədi hissələrə ayıraraq çamadana yerləşdirib və ölkənin digər ucuna gedən qatara qoyub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisənin üstü avqustun 5-də açılıb.

Həmin gün Çennaydan Dehliyə gedən “Tamil Nadu Express” qatarının sərnişinləri rəfdə olan qırmızı çamadandan gələn kəskin qoxudan şikayət ediblər. Aqra şəhərində polis çamadanı yoxlayarkən içərisində qadın meyitinin hissələrini aşkarlayıb.

Araşdırma nəticəsində ölən şəxsin Çennay yaxınlığında özəl şirkətdə çalışan 38 yaşlı Hayatun Nişa olduğu müəyyən edilib. Qadının hamilə olduğu da üzə çıxıb.

350 müşahidə kamerasının görüntüləri araşdırıldı

Polis istintaq zamanı dəmiryol stansiyalarındakı 350 müşahidə kamerasının görüntülərini yoxlayıb. Məlum olub ki, çamadanı Çennayda qatara 22 yaşlı Manik Uddin Laskar və onun 21 yaşlı həyat yoldaşı Bhaqabati Majhi yerləşdiriblər.

Cütlük avqustun 28-i və 29-da Manipur ştatında saxlanılıb. Polisə görə, onlar cinayəti etiraf ediblər.

Sevgilisi hamilə qaldıqdan sonra evlənməyi tələb edib

İstintaq zamanı müəyyən edilib ki, Laskarın Nişa ilə münasibəti olub və həyat yoldaşı bundan xəbərdar olub. Bildirilir ki, Majhi ərinin sevgilisindən bunun müqabilində pul və zinət əşyaları da alıb.

Nişa Laskarla onun evində görüşüb, ev sahibinə isə qadının onun böyük bacısı olduğu deyilib.

Yay aylarında Nişa hamilə qaldıqdan sonra Laskardan onunla evlənməsini tələb edib. Bundan sonra tərəflər arasında münaqişə yaranıb.

İstintaq versiyasına görə, ər-arvad qadını öldürüb, cəsədini çamadana yerləşdirərək uzaq məsafəyə gedən qatara qoyublar və özləri Manipur ştatına qaçıblar.

Polis qadının bütün qalıqlarını hələ aşkarlamadığı üçün araşdırma davam edir. Şübhəliləri ağır cəza, o cümlədən ən yüksək cəza tədbiri gözləyə bilər.