“Aqrarkredit” QSC BOKT-un balansında olan 44 qeyri-yaşayış obyekti hərrac vasitəsilə satışa çıxarılır.

Heftelik.az “Yeni Avaz”-a istinadən xəbər verir ki, hərraca çıxarılan obyektlərin ümumi qiyməti 10,4 milyon manat, ümumi sahəsi isə 11 445,2 kvadratmetrdir.
“Aqrarkredit” QSC BOKT 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətə İlham Kələşov rəhbərlik edir. Qurumdan verilən məlumatda qeyd olunur ki, hazırda təşkilat həm maliyyə institutu kimi kreditlərin verilməsi, həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ona ötürülmüş problemli aktivlərinin qaytarılması ilə məşğul olur. Təşkilatın səhmləri tam şəkildə dövlətə məxsusdur.
Yerli mətbuatda yayılan məlumatda Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə “Aqrarkredit” QSC BOKT-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb. Qeyd olunub ki, qanun pozuntusu ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.
İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.
Məlumatlarda o da qeyd olunub ki, BMCMİ-də “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, indi həbs edilən şəxslər M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törədiblər. Onlardan bəziləri Konfederasiya prezidentinin yaxınlarıdır. Tofiq Musayev onun qardaşı oğludur, Fazil Rüstəmov isə Musayevin müavini işləyib.
“Aqrarkredit”in 2001-ci ildən 2025-ci ilə kimi rəhbəri Məmməd Musayev olub. Onun oğlu Azad Musayev isə “Turan Bank” ASC-nin səhmlərinin 9,9 %-nə nəzarət edir.
Uzun illər mətbuatda “Turan Bank” Məmməd Musayevin bankı kimi tanınıb.

 

Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” – DETALLAR