İspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyro bölgəsində yerləşir. Yerli hakimiyyət ərazini yenidən canlandırmağa hazır olan şəxs və ya investor axtarır.

Təklif qeyri-adi qiyməti ilə diqqət çəksə də, kəndə sahib olmaq tamamilə xərcsiz başa gəlməyəcək. Yeni sahib sövdələşmənin rəsmiləşdirilməsi ilə bağlı ödənişləri və daşınmaz əmlakın bərpası üçün tələb olunan böyük xərcləri qarşılamalıdır.

Təklifə nələr daxildir?

Kompleks təmirə ehtiyacı olan 12 yaşayış evindən ibarətdir. Onlardan dördü ikimərtəbəlidir. Evlərlə birlikdə yeni sahibə təxminən 15 min kvadratmetr torpaq sahəsi də veriləcək.

Hazırda kənddə yaşayış yoxdur. Ərazidə köhnə evlərin daş xarabalıqları, quyular və körpülər qalıb.

Elanda bildirilir ki, kəndi ekoloji yaşayış məntəqəsinə, turizm kompleksinə və ya istirahət məkanına çevirmək mümkündür.

Kənddən qədim kral yolu keçib

Hazırda tərk edilmiş vəziyyətdə olsa da, kənd tarixi əhəmiyyət daşıyır. Vaxtilə buradan səyahətçilərin istifadə etdiyi mühüm marşrut Kastiliyaya gedən Kral yolu keçib.

Bu səbəbdən kənd mühüm nəqliyyat və tranzit məntəqəsi olub. Burada iqtisadi və mədəni həyat fəallığı ilə seçilib.

Lakin 1950-ci illərdə Freyra bəndinin tikintisindən sonra vəziyyət dəyişib. Suyun səviyyəsinin yüksəlməsi kəndin tədricən tənəzzülünə səbəb olub və nəticədə sakinlər evlərini tərk ediblər.

Sonradan bütün kompleks enerji şirkətinin mülkiyyətinə keçib, daha sonra isə yerli administrasiyaya verilib. İndi hakimiyyət ərazidə həyatı yenidən bərpa etməyin yollarını axtarır.

Sıfır avroluq qiymət bütün xərcləri əhatə etmir

Elanda qiymət birbaşa sıfır avro göstərilib. Bununla belə, gələcək sahib sövdələşmənin rəsmiləşdirilməsi ilə bağlı peşəkar xidmətlərin haqqını ödəməlidir.

Əsas tələb tərk edilmiş kəndi bərpa etmək, onu yaşayış, turizm və ya istirahət məkanına çevirməkdir. Yəni daşınmaz əmlakın özünə faktiki olaraq pul ödənilməsə də, qarşıda böyük həcmdə iş və ciddi maliyyə xərcləri dayanır.

Kənd ərazilərində əhali itkisi ilə üzləşən Qalisiya üçün belə layihələr tarixi yaşayış məntəqələrini qorumaq və yeni sakinlər cəlb etmək vasitəsi ola bilər.