Britaniyanın “Led Zeppelin” qrupunun məşhur “Stairway to heaven” mahnısı bu gün də rok tarixinin ən tanınmış kompozisiyalarından biri hesab olunur.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, mahnının sözlərini Robert Plant 23 yaşında yazıb.

Səkkiz dəqiqədən çox davam edən “Stairway to heaven” akustik gitara ilə başlayır və musiqi irəlilədikcə tempi tədricən artır. Kompozisiya üç əsas hissədən ibarətdir.

Məlumata görə, Robert Plant mahnının sözlərini ocağın yanında oturarkən spontan şəkildə yazmağa başlayıb. Daha sonra əsər “Led Zeppelin” qrupunun dördüncü studiya albomuna daxil edilib və konsertlərdə müntəzəm səsləndirilib.

Mahnı uzun müddət radio standartlarına uyğun hesab edilməyib. Lakin qısa müddətdə böyük populyarlıq qazanması səbəbindən ABŞ radiolarında ən çox sifariş edilən kompozisiyalardan birinə çevrilib.

“Stairway to heaven” illər ərzində bir sıra nüfuzlu siyahılarda da yer alıb. 2000-ci ildə VH1-in “100 ən yaxşı rok mahnısı” siyahısında üçüncü, 2004-cü ildə isə “Rolling stone” jurnalının “Bütün dövrlərin 500 ən yaxşı mahnısı” siyahısında 31-ci yeri tutub.

Kompozisiya həmçinin “Grammy hall of fame award” mükafatına layiq görülüb. 2023-cü ildə isə mədəni, tarixi və bədii əhəmiyyətinə görə ABŞ Konqres Kitabxanasının Milli Səs Yazıları Reyestrinə daxil edilib.