Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadçı Qubad İbadoğlu… Bu adların qarşısında nə zamansa ev dustağı yazılacağı yəqin çoxlarının ağlına gəlməzdii.

Keçək mövzuya…

Həbsxana kamerası yoxdur, dəmir barmaqlıqlar görünmür, insan öz evində yaşayır. Lakin onun istədiyi vaxt küçəyə çıxmaq, müəyyən şəxslərlə görüşmək və bəzən telefonla danışmaq hüququ məhdudlaşdırılır. Ev dustaqlığı kənardan rahat görünsə də, hüquqi baxımdan şəxsin azadlığını ciddi şəkildə məhdudlaşdıran qətimkan tədbiridir.

Heftelik.az Lent.az-ın bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:

Azərbaycanda ev dustaqlığı cəza deyil. Bu tədbir istintaq və ya məhkəmə davam edərkən təqsirləndirilən şəxsin davranışına nəzarət etmək üçün tətbiq olunur. Yəni barəsində ev dustaqlığı qərarı çıxarılan şəxs hələ məhkum hesab edilmir və onun təqsiri məhkəmənin yekun hökmü ilə sübuta yetirilməlidir.

Ev dustaqlığı kimə verilir?

Cinayət-Prosessual Məcəlləyə əsasən, həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxs barəsində seçilə bilər. Ev dustaqlığına dair qərarı məhkəmə qəbul edir. Müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldıra, müstəntiq və prokuror da bu tədbirin seçilməsi üçün məhkəməyə müraciət edə bilər.

Məhkəmə şəxsin həbsdə saxlanılmasına və cəmiyyətdən tam təcrid edilməsinə zərurət görmədikdə ev dustaqlığını alternativ tədbir kimi seçə bilər. Bu zaman ittihamın ağırlığı ilə yanaşı, şəxsin istintaqdan yayınmaq, sübutları gizlətmək, şahidlərə təsir göstərmək, yenidən cinayət törətmək və ya məhkəmə çağırışlarına gəlməmək ehtimalı qiymətləndirilir.

Təqsirləndirilən şəxsin yaşı, sağlamlıq vəziyyəti, ailə durumu, daimi yaşayış yerinin olub-olmaması və şəxsiyyətini xarakterizə edən digər məlumatlar da nəzərə alınır. Yaşlı, ağır xəstə, himayəsində azyaşlı uşağı olan şəxslərə ev dustaqlığı verilə bilər. Lakin bu hallar avtomatik güzəşt yaratmır. Son qərarı işdəki riskləri qiymətləndirən məhkəmə verir.

Ev dustağı hansı şəraitdə yaşayır?

Ev dustaqlığı şəxsin yalnız mənzilində oturması demək deyil. Məhdudiyyətlərin həcmi məhkəmə qərarında ayrıca göstərilir. Şəxsə evi tamamilə tərk etmək və ya günün müəyyən saatlarında küçəyə çıxmaq qadağan edilə bilər. Onun müəyyən ərazilərə getməsinə, konkret şəxslərlə danışmasına, məktublaşmasına, telefon və internetdən istifadə etməsinə məhdudiyyət qoyula bilər.

Ev dustaqlığında olan şəxs istintaq və məhkəmə çağırışlarına vaxtında gəlməli, yaşayış yerini dəyişməməli və nəzarət orqanının qanuni tələblərinə əməl etməlidir. Onun üzərinə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi də qoyula bilər. “Elektron qolbaq” adlandırılan cihaz şəxsin yerini müəyyənləşdirməyə və icazə verilən ərazidən çıxıb-çıxmadığını izləməyə imkan verir.

Xəstəxanaya getmək, yaxın qohumun dəfnində iştirak etmək və ya başqa zəruri səbəbdən evi tərk etmək lazım gəldikdə şəxs özbaşına qərar verə bilməz. Bunun üçün nəzarəti həyata keçirən qurumun və ya məhkəmənin müəyyən etdiyi qaydada icazə alınmalıdır.

Şərtləri pozanı hansı cəza gözləyir?

Ev dustaqlığının qaydalarını pozmaq avtomatik olaraq ayrıca cinayətə görə yeni cəzanın verilməsi demək deyil. Lakin belə davranış qətimkan tədbirinin sərtləşdirilməsinə səbəb ola bilər. Şəxs icazəsiz evdən çıxarsa, elektron nəzarətdən yayınarsa, şahidlərlə əlaqə saxlayarsa və ya istintaqa mane olarsa, ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilə bilər.

Elektron qolbağın qəsdən sıradan çıxarılması, gizlənmək cəhdi və ya başqa hüquqazidd hərəkət baş verərsə, əməlin xarakterindən asılı olaraq əlavə hüquqi məsuliyyət məsələsi də yarana bilər. Buna görə ev dustaqlığı “evdə rahat gözləmək” deyil, məhkəmənin müəyyən etdiyi ciddi nəzarət rejimidir.

Məşhur ev dustaqları kimlərdir?

Azərbaycanda müxtəlif illərdə bir sıra tanınmış şəxslər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Onların arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadçı Qubad İbadoğlu və keçmiş prokurorluq müstəntiqi, hüquq müdafiəçisi Rüfət Səfərov da olub.

Bu siyahıda şou-biznes və sosial şəbəkələrdən tanınan şəxslərin də adlarına rast gəlinir. Müğənni Rəqsanə İsmayılova, modelyer Leyla Əhmədova, “Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyeva və tiktoker Zəhra Abbasova barədə seçilmiş həbs qətimkan tədbirinin sonradan ev dustaqlığı ilə əvəz edildiyi açıqlanıb. Həmçinin Elina Hacıyevanın təhsil aldığı məktəbin keçmiş direktoru Sevil Abbasova barəsində də 2019-cu ildə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.