Səyyar vergi yoxlamasının təyin olunması üçün qanunvericilikdə növbədənkənar yoxlamanın keçirilməsi əsasları müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, vergi hesabatı sənədləri müəyyən olunmuş müddətdə təqdim edilmədikdə növbədənkənar yoxlama aparıla bilər.

Yoxlama aktlarında təhrif olunmuş məlumatların aşkar edilməsi də belə yoxlamaya səbəb yaradır.

ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin digər vergi öhdəliklərinə yönəldilməsi hallarında da növbədənkənar yoxlama mümkündür.

Vergi ödəyicisinin gəlirlərinin gizlədilməsi və ya vergitutma obyektinin azaldılması barədə məlumat əldə edildikdə də yoxlama təyin olunur.

Bundan başqa, məhkəmə qərarı, hüquqi şəxsin ləğvi, riskli vergi ödəyicisi statusu və digər qanunvericilikdə nəzərdə tutulan hallar da növbədənkənar yoxlamaya əsas hesab edilir.