Bu gün Xankəndində artıq 28 min nəfər yaşayır və işləyir.
Heftelik.az Report-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfərləri zamanı danışıb.
O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Xankəndiyə qayıdış prosesi fəal şəkildə davam edir.
“Hazırda Xankəndidəki Qarabağ Universitetində 3 mindən çox tələbə təhsil alır. Bu, ümumi əhalinin 10%-dən çoxunu təşkil edir”, – Yusubov bildirib.
Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar tikilir, müasir tələblərə cavab verən yollar çəkilir: “Eyni zamanda, şəhərin görünüşünə və müasir şəhərsalma standartlarına uyğun olmayan tikililərin sökülməsi prosesi sürətlənib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir binaların tikintisi üzrə layihələndirmə işlərinə başlanılıb”.
