Keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümünə dair yenidən başladılan istintaq çərçivəsində “Qurdlar Vadisi” serialının ssenaristləri “məlumatlı şəxs” qismində ifadəyə çağırılıb.
Heftelik.az xəbər verir ki,Silivri Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq davam edir.
İstintaq çərçivəsində “Qurdlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan sabah “məlumatlı şəxs” qismində ifadə verəcəklər.
Kozinoğlunun həbsxanada sirli ölümü
Ədliyyə naziri Akın Gürlek “NSosyal” hesabında 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq barədə açıqlama vermişdi.
Gürlek xatırladıb ki, Silivri 1 saylı L Tipli Qapalı Cəza İnfaz Müəssisəsində məhbus kimi saxlanılan Kozinoğlu 12 noyabr 2011-ci ildə səhhəti pisləşdiyi üçün Silivri Dövlət Xəstəxanasına göndərilib. O bildirib: “Xəstəxanaya çatdırıldıqda onun artıq həyatını itirdiyi müəyyən edilib. Hadisədən sonra aparılan istintaq çərçivəsində kamera görüntüləri və tibbi sənədlər araşdırılıb, cəza müəssisəsinin, jandarmanın və tibb işçilərinin, həmçinin eyni kamerada saxlanılan şəxslərin və mərhumun həyat yoldaşının şahid ifadələri alınıb, 10 aprel 2012-ci ildə cinayət təqibinə başlanılmaması barədə qərar qəbul edilib.”
Nazir Gürlek Cinayətləri Araşdırma İdarəsinin iş üzrə materialları yenidən araşdırdığını bildirərək bunları qeyd edib:
“Silivri Baş Prokurorluğumuz tərəfindən aparılan qiymətləndirmələr əsasında Silivri Sülh Cəza Hakimliyinin 26 avqust 2026-cı il tarixli qərarı ilə cinayət işinə xitam verilməsi barədə qərar ləğv edilib və istintaq yenidən başladılıb. Yeni istintaq çərçivəsində məxfilik qərarı qəbul edilib, xüsusi istintaq qrupu yaradılaraq hadisənin bütün aspektləri ilə yenidən aydınlaşdırılmasına yönəlmiş hərtərəfli işlərə başlanılıb. Hazırkı mərhələdə Silivri Baş Prokurorluğumuz tərəfindən hadisə zamanı cəza infaz müəssisəsində çalışan 11 şübhəli barəsində hüquqi prosedur başladılıb, 10 şübhəli saxlanılıb, bir şübhəlinin isə FETÖ üzvü kimi axtarışda olduğu və xaricdə yaşadığı müəyyən edilib.”
Saxlanılan 10 şübhəlidən biri həbs edilib, 7-si barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə, ümumilikdə 9 şübhəli sərbəst buraxılıb.
İstintaq çərçivəsində davam edən araşdırmalar zamanı daha 9 şübhəli, o cümlədən biri müxbir, biri kameraman və 7-si tibb işçisi olmaqla, saxlanılıb.
Polisdəki prosedurları başa çatan şübhəlilər məhkəmə orqanlarına göndəriliblər. Prokurorluqda ifadələri alınan, onların arasında müxbirin də olduğu 3 şübhəlinin həbs edilməsi, kameramanın da daxil olduğu 3 şübhəli barəsində “xaricə çıxış qadağası” və “imza vermək”, digər 3 şübhəli barəsində isə “xaricə çıxış qadağası” şəklində məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsi tələbi ilə hakimliyə sövq ediliblər.
Hakimlik müxbirin də daxil olduğu 3 şübhəlinin həbsinə, kameramanın da aralarında olduğu 6 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.
İstintaq çərçivəsində həbsdə olan şübhəlilərin sayı 4-ə, barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilən şübhəlilərin sayı isə 13-ə çatıb.
Bu arada, Silivri Baş Prokurorluğunun tələbi əsasında Kozinoğlunun dəqiq ölüm səbəbinin və onun ölümündə üçüncü şəxslərin müdaxiləsinin olub-olmadığının müəyyənləşdirilməsi məqsədilə qəbul edilən qərar çərçivəsində qəbrin açılması və meyitin çıxarılması proseduru həyata keçirilib.
