Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik ev konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Bununla əlaqədar onlara nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq vəsiqə verilir. Müvafiq icra hakimiyyəti orqanı miqrasiya uçotunun aparılması məqsədi ilə həmin şəxslər barədə məlumatları 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına xüsusi diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər üçün ölkədə müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir.
Layihəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Həmin şəxslərin qeydiyyatı həyata keçirilərkən həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycan Respublikasında statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək. Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək. Göstərilən şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Rəsmi səfər vizası Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.
Göstərilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçiriləcək.
Beləliklə təklif olunan dəyişikliyə əsasən, həmin şəxslərin siyahısı daha da dəqiqləşdirilir, onların qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi üçün Azərbaycan Respublikasında 15 gündən artıq olma müddəti müəyyən edilir. Bununla yanaşı, həmin kateqoriya şəxslərin qeydiyyatı həyata keçirilərkən onlara qeydiyyat vəsiqəsinin verilməsi qaydaları, habelə bu vəsiqələrin doldurulması və verilməsi prosedurunun mövcud məlumat-axtarış sistemindən istifadə edilməklə həyata keçirilməsi, müvafiq elektron sistemə (Vahid Miqrasiya Məlumat Sistemi) məlumatların yerləşdirilməsi qaydaları təkmilləşdirilir, bununla da rəqəmsal xidmətlərdən istifadənin dairəsi daha da genişləndirilir. Layihədə həmçinin yuxarıda qeyd olunan şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi tələbi müəyyənləşdirilir.
Eyni zamanda rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir.
