Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdirilir.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən yeni – 46.1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qanuna əlavə edilməsi təklif olunan 24.4-cü maddəyə görə, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçirlər. Təklif edilən digər yeni -24.5-ci maddəyə əsasən. tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.
Beləliklə, qanunun 24-cü maddəsinə təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Layihə ilə təklif olunan digər dəyişiklik məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlıdır.
