Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu bildirib.
O qeyd edib ki, Türk İnvestisiya Fondu fəaliyyətini davam etdirir və artıq əhəmiyyətli həcmdə büdcə formalaşdırıb.
K.Zorlu bildirib ki, türk dünyasının maliyyə sahəsində qlobal miqyasda daha güclü mövqe qazanması üçün növbəti mühüm layihə ortaq inkişaf bankının yaradılması ola bilər.
“Biz Türkiyə olaraq bu istiqamətdə iş hazırlamışıq. Hazırladığımız sənədi digər türk dövlətlərinin dillərinə tərcümə etmişik və Türk Dövlətləri Təşkilatının Baş katibliyinə təqdim edəcəyik”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, belə bir maliyyə qurumu mövcud büdcə imkanlarından istifadə etməklə yanaşı, yeni maliyyə imkanları yaratmağa, xüsusilə Orta Dəhlizin inkişafında iş adamlarına kredit və dəstək mexanizmləri təqdim etməyə imkan verəcək.
K.Zorlu həmçinin qeyd edib ki, türk dünyasının ortaq əlifba istiqamətində əməkdaşlığı da mühüm əhəmiyyət daşıyır.
O bildirib ki, Özbəkistan 34 hərfdən ibarət ortaq əlifba ilə uyğunlaşdırılan yeni dəyişiklik prosesinə başlayıb.
K.Zorlu əlavə edib ki, Türkiyə Orta Dəhlizi yalnız nəqliyyat marşrutu kimi deyil, daha geniş iqtisadi imkanlar yaradan platforma kimi qiymətləndirir.
