“Clearlake Capital” London klubunun tam nəzarətini əldə edərək onun yeganə sahibi olub.
“Çelsi” futbol klubu rəsmi olaraq mülkiyyət strukturunda dəyişiklik etdiyini açıqlayıb.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, komandanın veb saytında qeyd olunur ki, investisiya şirkəti “Clearlake Capital” 52 yaşlı amerikalı iş adamı və klub sədri Todd Boelinin payını əldə edib. Bu payın 12,8 faiz olduğu bildirilir.
Şirkətin ortaq sahibləri hər ikisi milyarder olan İran əsilli amerikalı Behdad Eqbali və puerto rikolu Xose Felisianodur.
“Çelsi”nin açıqlamasında həmçinin bildirilir ki, “Clearlake Capital” tezliklə Mark Uolterin səhmlərini alaraq və klub üzərində tam nəzarəti ələ keçirərək mülkiyyət transferini başa çatdıracaq.
Xəbərdə klubun gündəlik əməliyyatlarında, idarəetməsində və ya strategiyasında heç bir dəyişiklik gözlənilmədiyi vurğulanıb.
Boeli də öz növbəsində “Çelsi”dən ayrıldığını təsdiqləyib.
“Çelsi” futbol klubunun sədri vəzifəsində çalışmaq mənim üçün şərəf idi. Klubun parlaq gələcəyini təmin etməyə kömək edən hər kəsə, xüsusən də Premyer Liqaya, məşqçilərə və oyunçulara, istedadlı “Çelsi” rəhbərliyinə və heyətinə və çoxsaylı sadiq azarkeşlərə təşəkkür etmək istəyirəm.
Mən Clearlake və sahibkarlıq qrupunun digər üzvləri ilə tərəfdaşlığı, eləcə də klubun həm yaxın, həm də uzunmüddətli uğurunu dəstəkləmək üçün etdiyimiz birgə qərarları və investisiyaları yüksək qiymətləndirirəm. Əminəm ki, “Çelsi” “Clearlake”in rəhbərliyi altında davamlı uğur qazanmaq üçün yaxşı mövqedədir”, – Boeli deyib.
Xatırladaq ki, 2022-ci ildə Clearlake Capital, Todd Boeli, Mark Uolter və Hansyorq Viss, Roman Abramoviçdən “Çelsi”ni alaraq BlueCo konsorsiumunu yaratdılar.
