Gürcüstan üçün Abxaziya və Tsxinvali bölgəsi olmadan Avropa İttifaqına üzvlüyün heç bir dəyəri yoxdur.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda xaricdən idarə olunan və “Abxaziya və Tsxinvali olmadan Aİ-də Gürcüstan” ideyasını təbliğ edən bir təbliğat kampaniyası aparılır.
“Bu kampaniya Ukraynaya ünvanlanmış bu mesajı əks etdirir: inkişafını sürətləndirmək və Avropa perspektivlərini daha real etmək üçün ölkə ərazi güzəştlərinə getməlidir. Gürcüstan daxilindəki bütün təbliğatçılar və bu təbliğatı xaricdən sifariş edənlər üçün bir daha təkrar edirəm: Abxaziya və Tsxinvali bölgəsi olmadan Avropa İttifaqına üzvlük Gürcüstan üçün heç bir dəyər kəsb etmir. Hər kəs bunu yadda saxlamalıdır”, – deyə spiker əlavə edib.
