Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran nazirlərdən şikayətlənib.

Heftelik.az xəbər verir ki, Səyyad Aran  deputatlara səlahiyyət verilməsini istəyib.

“Sənin hünərin çatır, ay nazir, nazirlər camaatın içinə çıxmağa? Get, sən özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim də səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyir ki, siz yol çəkən deyilsiniz! Bəs bizi niyə rayonlara göndərirsiniz? Niyə camaatın içinə bizi göndərirsiniz? Deyirlər, gedin camaatı dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş ver. Nazirlərin keçirdiyi qəbulların qaydasına da etirazım var.  Tutaq ki, səhiyyə ilə bağlı qurumun rəhbəri rayonda qəbul keçirməyə gedir. Səhiyyə naziri qəbula gedir, ətrafı elə kəsdirirlər ki, nazirə yaxın düşmək olmur. Həm də əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alırlar və onları qəbula buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları… Nəysə, bu sözü demək istəmirəm. Qəbuldan çıxanda da bu nazirləri elə aradan çıxarıb göndərirlər Bakıya! Əsl şikayəti olan adam naziri görə bilmir. Ay nazir, gir Bəhrəmtəpəyə, kəndlərə, camaatın içinə gir. İmişlidə iki böyük kənd var. İki ildir bu camaat su deyib mələyir. Bizim səlahiyyətimiz də yoxdur. Bir artezian quyusudur, bunu çək də! Bizə səlahiyyətlər verilməlidir.  Mən 2 aydır elm və təhsil naziri Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm, mənə cavab vermir. Stolumun üstündə təqvim var, saatıyla qeyd edirəm ki, filan nazirə zəng etdim, cavab vermədin. Sənin köməkçin var, ay nazir. Sənə deputat zəng edib, hansısa Qasım, Məmməd yox. Ölkədə bir çox məktəblərdə bu gün direktor yoxdur. Sinif otağında da fənn gecəsi keçirilər?! Direktor olmayan məktəblərdə müəllimlər işə gecikir, nizam-intizam olmur. Direktor əvəzi qoyulan insanları ciddiyə almırlar”, – deyə deputat qeyd edib.